Axşam saatlarında Şəkinin Qoxmuq kəndinin daxilindən keçən avtomobil yolunda ağır qəza qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qoxmuq kənd sakini, 15 yaşlı Asim Abdurahmanlını evlərinə gedən zaman avtomobil yolunu keçmək istəyərkən minik avtomobili vurub.
Hadisə şahidləri və qəza yerinin ilkin tədqiqindən sonra məlum olub ki, sürücünün gözünü qarşıdan gələn avtomobilin işıqları qamaşdırdığından öz istiqamətində hərəkəti görə bilməyib, nəticədə 15 yaşlı kənd sakinini vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asim Abdurahmanlı Təcili Tibbi Yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada o, xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib.
Həkimlər məktəblinin vəziyyətinin orta-ağır olduğunu, müalicəsinin davam etdirildiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu