Üç qadın güləşçimiz dünya çempionatının üçüncüsü oldu - FOTO

Üç qadın güləşçimiz dünya çempionatının üçüncüsü oldu - FOTO

Hazırda oxunan: Üç qadın güləşçimiz dünya çempionatının üçüncüsü oldu - FOTO

208085

İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub.

Bizim.Media xəbər verir ki, mundialda iştirak edən 6 qız güləşçimizdən üçü vətənə medalla qayıdır.

Nəzrin Əhmədli (40 kq) kanadalı İraabir Suç (12:1) və türkiyəli Liva Çelikə (tuş) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında ukraynalı Kamila Kuçmaya (0:5) məğlub olan Əhmədli bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Vivyen Şentpaladan güclü olub – 11:6.

Fatimə Bayramova (53 kq) təsnifat mərhələsində belaruslu Mariya Xruşovaya (AİN) “tuş”la uduzub.

Günay Qurbanova (61 kq) rusiyalı Zalina Totrovaya (AİN) 9:4 hesabıyla, daha sonra isə iordaniyalı Maya İşakata vaxtından əvvəl (10:0) qalib gələrək yarımfinala yüksəlib. Günay yarımfinalda yaponiyalı Sae Noquçiyə məğlub olub – 0:5. Qurbanova bürünc medal uğrunda qarşılaşmada hindistanlı Racnita Racnitanı “tuş”la üstələyib.

Zəhrə Kərimzadə (69 kq) 1/8 finalda ukraynalı Oleksandra Rıbaka müqavimət göstərə bilməyib – 0:10. Ancaq ruhdan düşməyən Kərimzadə təsəlliverici görüşdə Kıjjıbek Jarkinbayevanı mübarizədən kənarlaşdırıb – 3:1. Zəhra üçüncü yer uğrunda görüşdə də əsl əzmkarlıq göstərib. Belə ki, türkiyəli İlayda Cinlə qarşılaşmanın son saniyələrində işlətdiyi 4 xallıq fənd həmyerlimizə 6:4 hesablı qələbə qazandırıb.

Beləliklə, millimiz 3 bürünc medalla dünya çempionatını başa vurub. Bu isə medalların sayına görə son 9 ilin ən yaxşı nəticəsidir.

Böyük məşqçi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında komanda hesabında 6-cı yeri tutan yığmamız 55 xal toplayıb ki, bu da U-17 dünya çempionatları tarixində komandamızın yığdığı ən yüksək xaldır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO