Mən ilk dəfə atama görə ağladım... Boş qalan küçələrində sərsəm kimi dolanırdıq

Mən ilk dəfə atama görə ağladım... Boş qalan küçələrində sərsəm kimi dolanırdıq

Hazırda oxunan: Mən ilk dəfə atama görə ağladım... Boş qalan küçələrində sərsəm kimi dolanırdıq

20546

Yadımdadır, uşaq idim. Bir gün atam həyacanla evə gəldi, gözləri ilə anamı axtarırdı. Dolmuşdu, qəhər boğmuşdu onu. Nəsə demək istədi, yəqin ki, anamı soruşacaqdı, ancaq bir kəlmə deyə bilmədi, kədərli gözləri ilə anamı axtardı. Yadımdadır, anam ona yaxınlaşanda, hönkürtü ilə ağlamağa başladı. O gün ilk dəfə idi atamı ağlayan gördüm.

- Şuşa da getdi...

Uşaq beynimdə götür-qoy etməyə başladım. Şuşa kimdir? Hara getdi?

O gün mən heç nə anlamadan anama qoşulub ağladım. Bilmədən, anlamadan Şuşa üçün ağladım.

İllər ötdü, həyatı dərk edəndə Şuşa dərdin də anlamağa başladım. Uzun illərdən sonra atamın hönkür-hönkür axıtdığı göz yaşını anladım.

Bir gün biz yenə Şuşa üçün ağladıq, için-için sevincimizi paylaşmaq üçün ağladıq. Bu göz yaşlarımızda kədərlə başımızı aşağı salmadan sevincin gözlərinə baxa-baxa ağladıq. 

Şuşa, bu gün sənin azadlığın üçün ağladıq. Beynimizin küncündə nimdaş qutuda gizlətdiyimiz həsrəti, sonsuz okeanın sularına qərq edərək ağladıq.

Əziz Şuşa, sən azadsan!

Şuşa, neçə illər həsrətinlə yaşadıq. Bir gözümüz güldü, bir gözümüz ağladı. 

Şuşa, bu gün sənə doğru gəlirik, Xarı bülbülü bağrımıza basıb, 29 illik ürək yanğımızı söndürmək üçün.

Şuşa, gecələr yuxumuza gəlirdin. Rəngsiz filmlərdəki kimi solğun, tutqun. Arzularını itirmiş biri kimi, boş qalan küçələrində, dalanlarında sərsəm kimi dolanırdıq. Yuxularımızda belə doyunca qoxunu içimizə çəkə bilmirdik.

Havasına, suyuna, dumanına həsrət qaldığımız, bütün tərifləri şəninə yaraşdırdığımız gözəl Şuşam. 

Bir gün qələbəmizlə, qan bahasına sənə qayıtdıq. Bağrımızdan yara-yara aldıqları, qoxusuna həsrət qoyduqları Sənə qayıtdıq. Biz o gün azadlığın qoxusunu ruhumuzla bütünləşdirdik. 

O gün ruhumuz da azad oldu. Səninlə işğal olunmuş qəlbimiz hayqırtı ilə göylərə, azad ruhlara ucaldı.

Salam, Şuşa, əziz Şuşa!

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO