İctimai nəqliyyatda gediş haqlarının artırılması, o cümlədən bir sıra digər məhsulların qiymətinin yüksəlməsindən sonra əmək haqlarının artırılması ilə bağlı müzakirələr müntəzəm xarakter alıb. Xüsusilə də, minimum əməkhaqqının artırılması məsələsi son günlər gündəm mövzusuna çevrilib.
Bəs minimum əməkhaqqının artırılması gözlənilirmi?
VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov Bizim.Media-ya açıqlamasında bildirib ki, minimum əməkhaqqının artırılması rəsmi olaraq müzakirə edilir:
“Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq müakirələr aparılır. Noyabrın 1-dək müzakirələrin yekunlaşması və minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin digər dövlət qurumlarına təqdim edilməsi gözlənilir.
Hələlik əməkhaqqının nə qədər artırılması ilə bağlı rəsmi açıqlamalar yoxdur. Təbii ki, bununla bağlı biz də öz təkliflərimizi irəli sürəcəyik. Minimum əməkhaqqının artırılması büdcə müzakirələrində öz əksini tapacaq. Büdcə müzakirələrinə əsasən, bu məsələ ümumi paketə daxil edilməklə birlikdə növbəti ildən etibarən əməkhaqqının artırılması ilə bağlı qərarın verilməsi gözlənilir.
Amma bütövlükdə minimum əməkhaqqı daxil olmaqla digər sosial ödənişlərin artırılması, o cümlədən paketin yenilənməsi əsas hədəflərdəndir”.
Minimum əməkhaqqı neçə faiz artırıla bilər?
İqtisadçı Eldəniz Əmirov güman edir ki, minimum əməkhaqqı 16 faiz artırılacaq:
“Düşünürəm ki, minimum əməkhaqqı 16 faiz artırılaraq 400 manata çatdırılacaq. Ona görə ki, əvvəlki dönəmlərdə 250 manat artırılaraq 300 manata, daha sonra isə 15 faiz artırılaraq 345 manata çatdırılmışdı. 2023-cü ilin yanvarın 1-də minimum əməkhaqqının məbləğində son artım baş verib. Hesab edirəm ki, 2025-ci il yanvarın 1-dən növbəti artımı gözləmək olar”.
İnflyasiya dərəcəsi
İqtisadçının sözlərinə görə, Azərbaycanda inflyasiyanın səviyyəsi də azalmaqdadır:
“İnflyasiya özünün 2022-ci ildə çatdığı maksimum həddindən davamlı olaraq azalmaqdadır. Azərbaycanda 2024-cü il üçün 2023-cü ilin sonunda verilən inflyasiya proqnozu 5,3 faiz ətrafında idi.
Lakin makroiqtisadi sabitliyin və ümumiyyətlə, qlobal iqtisadiyyatda inflyasiyanın artım dinamikasının səngiməsi Azərbaycanda da proqnozları yeniləməyə zərurət yaratmışdı. Bununla bağlı həm Mərkəzi Bank, həm də Maliyyə Nazirliyi tərəfindən inflyasiyaya dair praqnoz göstəriciləri azaldılıb. Belə ki, bu ilin sonunda təxminən 3 faiz civarında inflyasiyanın olacağı gözlənilir”.
Nuray, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:00 / 03.08.2024
Minimum əməkhaqqı ARTIRILACAQ?
Hazırda oxunan: Minimum əməkhaqqı ARTIRILACAQ?
Hazırda oxunan: Minimum əməkhaqqı ARTIRILACAQ?
204774
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.