Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində bildirib ki, Ukraynada silahlı münaqişə davam etdiyi bir vaxtda Gürcüstanda terror aktları riski qalmaqdadır.
“Ukraynada müharibə davam etdikcə risklər də davam edir. Nə qədər ki, kontekst bu şəkildə qalacaq, bu risklər də ölkəmizdə qalacaq. Buna əsaslanaraq biz dəfələrlə təkrar etmişik və təkrar edə bilərik ki, gələn il müharibənin başa çatmasına çox böyük ümidlər bəsləyirik. Bir daha deyim ki, bizim hesablamalarımıza görə Ukraynada müharibə ən geci gələn il başa çatmalıdır”, - deyə Kobaxidze bildirib.
Qeyd edək ki, Gürcüstan hökumətinin “xarici agentlər haqqında” qanunu qəbul etməsi fonunda Tiflislə Qərb arasında münasibətlər soyuyub. Qərb Tiflisə münasibətdə bəzi sanksiyalara əl atıb. Bu fonda son dövrlər gürcü rəsmiləri Qərbin Gürcüstanda terror aktları hazırladıqları barədə məlumatları yayırlar.
Bundan əlavə, Gürcüstan seçkilərə gedir. Belə ki, oktyabrda bu ölkədə parlament seçkiləri keçiriləcək. Görünən odur ki, seçki ərəfəsi iqtidarla ona müxalif əsas qüvvələr arasında mübarizə də kəskin xarakter almağa başlayır. Belə vəziyyətin yaranmasında isə xaricdəki bəzi qüvvələrin də marağı var.
Görəsən, Qərb həqiqətənmi Gürcüstanda terror aktları planlaşdırır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Gürcüstanda keçiriləcək oktyabr seçkiləri ərəfəsində terror aktlarının ola bilməsi ehtimalını istisna etməyib:
“Gürcüstan baş naziri Kobaxidzenin Qərbin öz ölkəsində terror aktlarını planlaşdırdığı barədə açıqlamasında Ukrayna böhranına işarə vurması bir daha Qərbin Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq planlarının ciddiliyindən xəbər verir. Gürcüstanın Rusiya ilə müharibəyə sürüklənməsindən qorumaq üçün də Kobaxidze hökuməti hər vəchlə çalışır ki, Qərbin geosiyasi maraqlarına mane olsun”.
Hədəf Gürcüstanda hakimiyyət dəyişikliyidir?
Ekspert qeyd edir ki, terror aktları Gürcüstanda parlament seçkiləri ərəfəsində stabilliyin pozulmasına və qərbyönümlü hökumətin iqtidara gətirilməsinə hesablanıb:
“Qərbin dəstəyilə Tiflisdə iqtidara gələcək siyasi hakimiyyət isə zamanında eks prezident Saakaşvilinin siyasi avantürasını təkrar edərək Gürcüstanı Rusiyaya qarşı müharibəyə sürükləməlidir. Bu yolla Qərb həm onun sifarişlərini yerinə yetirməkdən imtina edən Kobaxidze hökumətindən qurtulmaq, “Gürcü arzusu”nu iqtidardan salmaq, həm də Rusiyanı MDB məkanında yeni bir müharibəyə çəkməklə Zelenski rejimini labud məglubiyyətdən qurtarmaq istəyir.
Kobaxidze iqtidarının Gürcüstanda Qərblə əməkdaşlıq edən QHT lərin maliyyə əməliyyatlarına nəzarəti gücləndirən bəlli qanunun parlamentdə qəbulunu Qərb özünün Gürcüstanda təsir imkanlarını ciddi şəkildə məhdudlaşdıran qanun kimi qəbul etdiyindən, onun devrilməsini öz qarşısına məqsəd olaraq qoyub”.
Bütövlükdə isə həmsöhbətimizə görə, bu Qərbin Rusiyaya qarşı apardığı qlobal səciyyəli geosiyasi mübarizənin tərkib hissəsidir.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Region
09:40 / 31.07.2024
Qərbin “ikinci cəbhə” PLANI – Gürcüstanda terror aktları PLANLAŞDIRILIR?
Hazırda oxunan: Qərbin “ikinci cəbhə” PLANI – Gürcüstanda terror aktları PLANLAŞDIRILIR?
Hazırda oxunan: Qərbin “ikinci cəbhə” PLANI – Gürcüstanda terror aktları PLANLAŞDIRILIR?
204270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.