Narkotik vasitənin qanunsuz dövriyyəsini təşkil edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində çətənə bitkisinin kultivasiyası ilə məşğul olan rayon sakini Rüstəm Abışzadə saxlanılıb.
Onun evinin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qulluq edilərək yetişdirilmiş 26 ədəd çətənə bitkisi və 6 kiloqram marixuana aşkar olunub.
Keçirilən digər tədbirlə güclü təsiredici xassəyə malik narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil edən Hafiz Məmmədov da saxlanılıb. H.Məmmədov ondan aşkarlanan heroini pul müqabilində Teymur adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlərlə Şirvan şəhər sakini Teymur Əkbərov da saxlanılıb.
Ondan da külli miqdarda heroin aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Bizim.Media