Üzmədən boğulan gəncliyimiz – Hansı çimərliklər daha təhlükəsizdir?

Üzmədən boğulan gəncliyimiz – Hansı çimərliklər daha təhlükəsizdir?

Hazırda oxunan: Üzmədən boğulan gəncliyimiz – Hansı çimərliklər daha təhlükəsizdir?

202139

Son günlər dənizin qurban aldığı gənclərin sayı çoxalıb. Statistika hər ötən gün dəyişir. Məsələn, son iki gündə 2 gənc dənizdə çimərkən batıb. 

Bəs bu neqativ tendensiya niyə artıb? Harada səhv edirik? Necə qarşısını ala bilərik?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bilgəhdə dənizdə batan şəxsin axtarışına helikopter cəlb edildi - VİDEO 


O qeyd edib ki, maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, bəzi insanlar öz həyatlarına biganə yanaşırlar:

“Onlar havanın küləkli olmasını, dənizdə dalğanın hündürlüyünün bir neçə metr yüksəyə qalxmasını nəzərə almırlar. Çimərliyə gedərkən ilk növbədə hava şəraiti nəzərə alınmalıdır. Havanın aydın və əlverişli vaxtında çimərliyə getmək doğrudur. Əlverişsiz hava şəraitində, yəni küləyin sürəti saniyədə 10-12 metr, dalğaların hündürlüyü isə 1- 1.5 metr olarsa, çimərliyə getmək olmaz. Dünya üzrə sularda boğulma hallarının statistikasına baxsaq görərik ki, 70 faiz məhz əlverişsiz hava şəraitində baş verib”. 

Çimərlikləri doğru seçmirik? 

Ekspert boğulma hallarına səbəb olaraq ikinci nüans kimi çimərliyin doğru seçilməməsini göstərib:

“Yalnız fəaliyyətinə icazə verilən çimərliyə getmək lazımdır. Digər çimərlik sahələrində çimmək olduqca təhlükəlidir. Dünya üzrə sularda boğulma hallarının statistikasında 95 faiz boğulma halları qeyri-çimərlik ərazilərdə baş verir. Həm də bu ərazilərdə xilasedicilər fəaliyyət göstərmir. Hər il ölkəmizdə yüzlərlə boğulma təhlükəsi ilə üzləşən şəxslər FHN-nin xilasediciləri tərəfindən xilas edilir. FHN-nin statistikasına baxsaq, bir nəfər də xilasedicilərin olduğu çimərlikdə boğulmayıb. Bu, bir daha xilasedicilərin olduğu çimərliyin daha təhlükəsiz olduğunu təsdiq edir”. 

Hər il dünyada 400 minə yaxın insan sularda boğulur

E.Nurəliyev əlavə edib ki, fəaliyyətinə icazə verilən çimərliklərdə suyun dibinin akvatoriyası, suyun fiziki, kimyəvi, bioloji xassələri, sanitar normaları yoxlanılır, ondan sonra icazə verilir:

“Bu, bir daha belə çimərliklərin daha təhlükəsiz olduğunu deməyə əsas verir. Ancaq qeyri-çimərliklərdə suyun dibində yarğanlar, axınlar, daş-qaya parçaları və s. təhlükələrin olması ehtimalı var. Hər il dünyada 400 minə yaxın insan sularda boğularaq həyatını itirir.

Artıq bir çox ölkələrdə boğulan şəxsə kömək etmək təhlükəsizlik təlimatlarında tövsiyə edilmir. Yalnız peşəkar xilasedicilər, avadanlıq və qurğuların köməkliyi ilə bu işlər həyata keçirilir. Fərdi şəkildə boğulan şəxsə yaxınlaşan adam 60 faiz özü də boğulma təhlükəsi ilə üzləşir.
Qeyd edim ki, çimərlikdə uşaqları nəzarətsiz qoymaq olmaz. Qaranlıq havada və ya spirtli içki qəbul edib suya girmək qəti doğru deyil. Üzmə sərhədlərini aşmamalıyıq. Sahilə paralel üzmək lazımdır. Daş-qaya və dəmir konstruksiyaların üzərindən suya baş vurmaq çox böyük səhvdir”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO