Sumqayıtda yeniyetmələrin mübahisəsi qanla bitib. Dava zamanı iki nəfər bıçaqlanıb.
Bizim.Media xəbər verir ki, hadisə "Ceyranabatan bağları" adlanan ərazidə qeydə alınıb.
Araşdırma zamanı məlum olub ki, Sumqayıt şəhər sakini olan 15 yaşlı yeniyetmə münaqişə zəminində həmyaşıdına və özündən iki yaş böyük digər yeniyetməyə bıçaqla ağır xəsarətlər yetirib.
Mübahisənin söyüş üstündə törədildiyi iddia olunur.
Sumqayıt Tibb Mərkəzdən "Xəzər Xəbər"ə bildirilib ki, 15 və 17 yaşlı yeniyetmələr ötən gün gecə saatlarında Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib. 2009-cu il təvəllüdlü yeniyetməyə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası və sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilib. 2007-ci il təvəllüdlü yeniyetməyə isə bel-omba və üz nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozları təyin edilib. Hər iki yeniyetmə əməliyyat olunub, vəziyyətləri əməliyyata uyğun stabildir.
Faktla bağlı araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media