Fransada növbədənkənar parlament seçkilərinin ilk turu başa çatıb. Seçkilərinin birinci turunda sağçı “Milli Birlik” partiyası və müttəfiq qüvvələr birinci yeri tutub, Makronun “Respublika uğrunda Birlikdə” koalisiyası isə üçüncü olub. Beləliklə, Daxili İşlər Nazirliyinin məlumatına görə, “Milli Birlik” 33,4 faiz, solçu Yeni Xalq Cəbhəsi isə 27,98 faiz səs toplayıb. Fransa Prezidenti Emmanuel Makronun koalisiyası 20,76 faiz səs yığıb.
Makron ağır məğlubiyyətə uğrayıb.
Qeyd edək ki, bundan əvvəl Makronun rəhbərlik etdiyi İntibah partiyası Avropa Parlamentində uğursuzluğa düçar olmuşdu. Ard-arda gələn məğlubiyyətlər Makron və onun komandasında çaşqınlıq və təşviş yaradıb. Bu təşviş və çaşqınlıqsa küçələrə qədər sirayət edib.
MÖVZU İLƏ BAĞLI:
Fransada parlament seçkilərindən sonra iğtişaşlar başladı - VİDEO
Təsadüfi deyil ki, növbədənkənar parlament seçkilərinin birinci turunun ilkin nəticələrinin açıqlanmasından sonra Fransanın mərkəzi şəhərlərində iğtişaşlar başlayıb. Təbii ki, mitinqlərə əsasən səsvermədə uduzan solçu siyasətçilər qatılıblar.
“Le Figaro” qəzetinin məlumatına görə, etirazçılar polisə fişənglər atıblar. Polislər də sakit dayanmayıb. Etirazçılara cavab olaraq gözyaşardıcı qaz və qumbaraatanlardan istifadə ediblər. Nant, Dijon, Lill, Marsel və Lionda etiraz aksiyaları hələ də davam edir.
Ümumilikdə isə partiyalardan heç biri mütləq səs çoxluğu əldə etməyib. Seçkilərin ikinci turu iyulun 7-nə təyin edilib.
Hər şey növbəti bazar günündə aydın olacaq.
Fransadakı seçkiləri yaxından izləyən xarici ekspertlər hesab edir ki, prezident Emmanuel Makron müxalifətin iki blokunu öz aralarındakı fərqli baxışlara istinad etməklə toqquşduraraq, dövlətdə xaosa səbəb olmağa çalışır.
Bunu fransız siyasətçi, "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo deyib. Filippo Makronu Konstitusiyanın ona fövqəladə səlahiyyətlər verəcək müstəsna maddəsinə müraciət etmək niyyətində olmaqda ittiham edib:
"Seçkilərin ilk turundan sonra vəziyyətin qeyri-müəyyən olduğunu görürük. Gələn həftə "Milli Birlik” partiyasının mütləq çoxluq qazanması mümkündür. Lakin bu hələ həll olunmayıb. Heç bir tərəfin səs çoxluğunu qazanmaması da mümkündür və bu, xaos deməkdir. Fransa prezidenti Konstitusiyanın ona tam hakimiyyət verəcək 16-cı maddəsini tətbiq edə biləcəyinə ümid edirəm. Bu, reallıqdır, hətta Fransa mediası da bu barədə yazıb".
Göründüyü kimi Makron kreslosundan əl çəkmək niyyətində deyil. Ona görə də o parlament seçkilərində uğursuzluğunu sığortalamaq üçün təxribatlara belə gedəcək.
Makron ölkədə iğtişaş və xaos yaratmaqla seçkilərin nəticəsinin ləğvinə və yeni seçkilərin keçirilməsinə çalışacaq. Makronun planları qarşısında müxalifət də sakit dayanmaq istəmir.
Məsələn, Fransada prezident seçkisində keçmiş namizəd, sağçı Milli Birlik partiyasının parlament fraksiyasının keçmiş rəhbəri Marin Le Pen deyib ki, fraksiya faktiki olaraq makronist bloku məhv edib. O, həmçinin Fransada seçkinin ikinci turunun həlledici olacağını vurğulayıb və sol blokun qalib gəlməsinə imkan verməməyə çağırıb.
Nəzərə alaq ki, növbədənkənar seçkinin ilkin nəticələrinə görə, Le Penin partiyası liderlik edir. Makronun koalisiyası üçüncü yerdədir. Maraqldır ki, Makronun komandasında güclü “yarpaq tökümü” var. Fransanın Baş naziri Qabriel Attal başda olmaqla bir çox nazirlər seçkilərə müstəqil olaraq qatılıb. Bunun hesabına da İntibah partiyası çox ağır zərbə alıb.
Makronsuz seçkilərə qatılan xarici işlər naziri Stefan Sejurne O-de-Sen departamentinin 10-cu seçki dairəsində səslərin 46,07 %-ni qazanaraq ikinci tura çıxıb. Daxili işlər naziri Jerald Darmanen də ilk turdan sonra 41 % səslə irəlidədir, onun "Milli Birlik"dəki əsas rəqibi Bastien Verbruqe isə yalnız 36,9 % səs toplayıb.
Eyni zamanda, kənd təsərrüfatı naziri Mark Feno 32,7 % nəticə ilə ikinci yeri tutub və "Milli Birlik"dən namizəd Marin Barde (35,2 %) ilə demək olar, eyni səs toplayıb. Mənzil məsələləri üzrə nümayəndə-nazir Qiyom Kasbaryan da birinci turda yalnız ikinci yeri (32,7 %) tutub, "Milli Birlik"dən olan rəqibi Emma Minodanu 4 %-lə (36,7%) geridə qalıb.
Fransanın iqtisadiyyat, maliyyə, sənaye naziri Bruno Le Mer növbədənkənar parlament seçkilərinin ilk turunun nəticələrini “Respublika uğrunda Birlikdə” prezident koalisiyası üçün məğlubiyyət hesab edir:
“Bu, düşərgəmiz üçün məğlubiyyətdir. Söhbət tarixi məqamdan, ölkədəki siyasi qüvvələrin yenidən qruplaşmasından gedir”.
Onun fikrincə, elə etmək lazımdır ki, "Milli Birlik" partiyası mütləq çoxluğu əldə edə bilməsin:
“Seçicilərimizi “Respublika uğrunda Birlikdə” prezident koalisiyasından namizədlərin ikinci tura keçə bilmədiyi dairələrdə sosial-demokrat düşərgəsinin nümayəndələrinə səs verməyə çağırıram. Mən Sosialist Partiyasından, Kommunist Partiyasından və ekoloqlardan olan namizədləri nəzərdə tuturam”.
Makron susur
Növbəti və daha ağır zərbə alan Makronsa hələki susur. O seçkilərin ilkin mərhələsi barədə hələlik fikir bildirməyib. Bəzi avropalı ekspertlər hesab edir ki , bu susqunluq və baş verən proseslər Fransa üçün yaxşı heç nə vəd etmir. Məsələn Aİ-nin Breksit üzrə müzakirəçisi Mişel Barnye bildirib ki, Makronun rəhbərlik etdiyi İntibah partiyasının seçkilərin ikinci turunda sağçı Milli Birlik üzərində qələbə qazanacağına ümidlər çox azdır.
O hesab edir ki, Fransa prezidentinin ölkə parlamentinin vaxtından əvvəl buraxılması və erkən seçkilərin keçirilməsi ilə bağlı qərarı Fransanı xaosa və iğtişaşlara sürükləyəcək. Bu proses Fransanı hətta Avropa İttifaqından çıxmasına səbəb ola bilər.
Doğrudur, Fransada prezident üsuli-idarəsidir. Lakin parlamentdəki uğursuzluq Makronun da sonunu gətirə bilər. Nəticədə Fransada növbədənkənar prezident seçkiləri keçirilə bilər. Hadisələrin inkişafı o günün uzaqda olmadığını diqtə edir.
Surxay Atakişiyev, Bizim.Media