Xəzər dənizində ƏMƏLİYYAT: Yaralanan var - FOTO/VİDEO 

Xəzər dənizində ƏMƏLİYYAT: Yaralanan var - FOTO/VİDEO 

Hazırda oxunan: Xəzər dənizində ƏMƏLİYYAT: Yaralanan var - FOTO/VİDEO 

199466

Xüsusilə külli miqdarda narkotik vasitənin ölkəmizə Xəzər dənizi vasitəsilə keçirilməsinin qarşısı alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə məlumat yayıb. 

Məlumata görə, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd xidmətinin birgə keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşlarının Xəzər dənizinin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozub xüsusilə külli miqdarda narkotik vasitəni ölkəmizə keçirmələrinin qarşısı alınıb. 

Belə ki, iyunun 24-də, gecə saat 23 radələrində Xəzər dənizində Sumqayıt şəhəri və Yaşma qəsəbəsi istiqamətində hərəkət edən qayıqlara Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən “DAYAN” komandası verilməsinə baxmayaraq, verilmiş əmrə tabe olmayaraq, qayıqlarında özləri ilə gətirdikləri narkotik vasitələri suya ataraq qaçmağa çalışan İran İslam Respublikasının vətəndaşları 1983-cü il təvəllüdlü Nuri Əbruntən, 1984-cü il təvəllüdlü Bəhmən Kaseb və Aunəq Abdulrəhim (yaralı halda) təqibetmə əməliyyatı zamanı ələ keçiriliblər. 

Eyni zamanda həmin vaxt həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin nəticəsində Yaşma qəsəbəsi ərazisində Azərbaycan Respublikasının vətəndaşı olan 2 nəfər mülki şəxsin - 1982-ci il təvəllüdlü Elxan Əliyev və 1976-cı il təvəllüdlü Esmira Məmmədovanın şübhəli şəkildə dəniz sahilində və suyun içində fənərlərlə işarə verərək olduqları yeri bəyan etmələri aşkar edilib və onlar saxlanılıb. 

Həyata keçirilmiş davamlı əməliyyat-axtarış tədbirləri zamanı İran İslam Respublikası vətəndaşları Bəhmən Kaseb, Aunəq Abdulrəhim və Nuri Əbruntən tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilmiş narkotik vasitə olan çətənə bitkisi - 4 ədəd müxtəlif rəngli torbalarda təxminən 165 kiloqram çəkidə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi yaxınlığında aşkar edilərək götürülüb. 
Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işi üzrə 27.06.2024-cü il tarixdə Bəhmən Kaseb və Nuri Əbruntən Cinayət Məcəlləsinin 206.3.2, 234.4-1 və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə, Azərbaycan Respublikasının vətəndaşları 1982-ci il təvəllüdlü Elxan Əliyev və 1976-cı il təvəllüdlü Esmira Məmmədovaya isə Cinayət Məcəlləsinin 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa köməklik) və 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. 

Aunəq Abdulrəhim hazırda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının xüsusi müşahidəsi altında saxlanmaqla xəstəxanada müalicəsi davam etdirilir. 

Cinayətin digər iştirakçılarının ifşa olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

İbtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. 
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO