"Sənin kimilərlə bu cür danışarlar" - Xanım ofisiantın reaksiyası dava yaratdı

Hazırda oxunan: "Sənin kimilərlə bu cür danışarlar" - Xanım ofisiantın reaksiyası dava yaratdı

199072

Bakının Xəzər rayonunda 1993-cü il təvəllüdlü Rafiq kafedə ofisiant işləyən Mədinəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin noyabrın 13-də, gecə saat 1 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fəaliyyət göstərən "Star" kafesinin həyətində baş verib. 

Həmin kafedə müştəri olan Rafiq ofisiant işləyən Mədinə ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib. Yaranmış münaqişə zamanı Mədinənin arxa sağ baldır nahiyəsindən qəsdən vuraraq yerə yıxıb. 
Daha sonra Rafiq yerdə olan təpiklə Mədinənin arxa yan, qarın və sağ qol nahiyələrindən vurub. Bu hərəkətləri ilə qadına xəsarətlər yetirib. 

Hadisəni törədən Rafiqin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rafiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü, saat 21 radələrində dostları Vaqif, Mahir və Vahidlə birlikdə Buzovna qəsəbəsində yerləşən "Star" kafesine gedib: “Kafenin otağında oturaraq pivə sifariş verdik. Sifarişimizi kafedə işləyən ofisiant Mədinə gətirdi. Mədinə bundan sonra bizə qulluq etdi.

Bir neçə saat sonra Mədinə otağa daxil olaraq masanın üzərini silmək istədi. Vaqif Mədinəyə bildirdi ki, əskini ver, mən masanın üzərini özüm silim. Mədinə isə etiraz edərək özü siləcəyini dedi.

Bu zaman Mədinənin həvəssiz işlədiyini gördüm və sonda hörmət edəcəyimi dedim. Bu sözüm Mədinənin xətrinə dəydi.

Mədinə qapıdan bayıra çıxdıqda mənə nalayiq küçə söyüşü söydüyündən ilk öncə onunla otaqda sözlə mübahisə etdim. Mübahisə zamanı Mədinə yenidən məni söydü, otağın qapısını bağlayaraq getdi. Mən masadan qalxaraq Mədinənin arxasınca bayıra çıxdım.

Mədinənin sağ ayağından təpiklə vuraraq yerə yıxdım. Mədinə yerə yıxıldıqda onun qarın nahiyəsindən təpiklə vurdum. Bu zaman dostlarım və kafedə işləyən digər şəxslər məni sakitləşdirərək otağa apardılar”. İş üzrə zərərçəkmiş Mədinənin sözlərinə görə, Buzovna qəsəbəsində yerləşən "Star" kafedə ofisiant kimi çalışıb: “Noyabrın 12-dən 13-nə keçən gecə saat 1 radələrində işdə olduğum zaman 3 nəfər şəxs kafeyə gəldi və 30 manatlıq depozit olan kabinetdə əyləşdilər.

Bir qədər sonra bir nəfər şəxs də onların yanına gəldi. Mən həmin kabinetə qulluq etdim. İlk əvvəl hər şey yaxşı olsa da, bir neçə bakal pivə içdikdən sonra həmin şəxslər sərxoş oldular. Yeyib-içdikdən sonra stolun üzərini yığışdıran zaman masanın üzərini siləndə onlardan biri dedi ki, ver, masanı silim. Mən isə ehtiyac olmadığını və özümün həll edəcəyimi dedim”. 

Zərərçəkmiş qeyd edib ki, daha sonra onlardan biri ona “sənin kimilər kağıza, yəni pula görə hər şeyi edərlər” deyib:

“Həmin şəxsin bu sözü mənə təsir etdi. Ona bildirdim ki, danışığına fikir versin. Lakin həmin şəxs baxaraq nəsil-nəcabətimə söyərək "sənin kimilərlə bu cür danışarlar" dedi. Mən isə həmin şəxsə söyüş söyməməsini bildirdim. Özünün də nəsil-nəcabətinin olduğunu dedim. Bu sözü dedikdən sonra qapını bağladım. Əlimdə sini və qablarla bayıra çıxdım. Bu zaman həmin şəxs arxamca qaçaraq təpiklə arxa sağ baldır nahiyəmdən vurdu.
Zərbənin təsirindən yerə yıxıldım.. Bu zaman əlimdə olan sini və qablar da yerə düşdü. Mən yerə yıxılan zaman həmin şəxs təpiklə məni yenidən vurdu. Məni yerdə vuran zaman nalayiq ifadələr işlətdi. Bu zaman həmin şəxsin yanında gələn dostları və bir neçə nəfər müştəri yanımıza gələrək bizi ayırdılar. Daha sonra evimə getdim. Səhəri gün 3 saylı xəstəxanaya yollandım. Orada müayinə olunduqdan sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat verdim”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rafiq 6 ay azadlıqdan məhrum edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO