Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aid olduğu iddia edilən təcili tibbi yardım maşınının vəziyyəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Yayılan görüntülərdə xəstələrin köhnə, UAZ markalı, istifadəyə yararsız halda olan avtomobildə müayinə olunması əks olunub.
XXI əsrdə xəstələrin müayinəsinin təcili tibbi yardım avtomobilində deyil, köhnə model markalı UAZ-da həyata keçirilməsi ciddi müzakirələr yaradıb.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, videogörüntülərdə yer alan həkim özəl tibb müəssisəsinin əməkdaşı olub:
“Pasiyentin olduğu avtomobil isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının balansında olsa da təcili tibbi yardım xidməti üçün istifadə edilmir. Məlumat üçün bildirək ki, hazırda sözügedən xəstəxananın təcili tibbi yardım xidmətinin ixtiyarında 12 ədəd avtomobil istifadə olunur.
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində müalicəsi aparılan 1955-ci il təvəllüdlü şəxsə (qadın cinsli) doppler müayinəsi üçün rayonda yerləşən özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilib.
Tibb müəssisəsinin balansında olan təcili tibbi yardım avtomobillərinin hər biri çağırışda olduğu üçün xəstənin yaxınlarına bir qədər gözləməli olduqları bildirilib. Xəstə yaxınlarının təkidi ilə tibb müəssisəsinin balansında olan, ancaq istifadə edilməyən köhnə model UAZ markalı avtomobil ilə xəstə özəl tibb müəssisəsinə təxliyə olunub.
Hazırda pasiyentin stasionar şəraitdə müalicəsi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir, vəziyyəti stabildir”.
Nuranə Daxilqızı, Bizim.Media