Azərbaycan artıq urologiya üzrə peşəkar mütəxəssisləri ilə tanınır. Günü-gündən artan və bu sahədə mütəxəssis olan uroloqlarımızın faydalı məsləhətlərinə də rast gəlirik. Belə həkimlərimizdən biri də Türkiyədə ixtisaslaşmış uroloq-androloq-cərrah, Bakı Sağlamlıq Mərkəzinin həkimi Zəbur Bağırovdur. Tanınmış həkim son zamanlar geniş yayılmış böyrək xəstəliyinin səbəbləri, gəncləşən uroloji problemlər, kişilər arasında artan prostat vəzi xərçəngi və sonsuzluğa səbəb olan amillər barədə Bizim.Media-nın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
-Son zamanlar hansı uroloji problemlər yayılıb?
Təssüf ki, uroloji problemlərin yaşı cavanlaşıb. Məsələn, kişilərdə prostat xəstəliyini 45-50 yaşdan sonra müşahidə edirdiksə, artq 38-40 yaşlara qədər gedib çıxıb. Buna səbəb olaraq pataloji problemləri, yorğunluq, gərgin həyat fəaliyyəti, aktiv hərəkətin azalması, soyuqdəymə və qidanı nümunə gətirə bilərik.
-Uroloji problemlərə daha çox qadınlar, yoxsa kişilər arasında rast gəlinir?
Böyrək axarının daşı və ya sidik daşı problemlərindən danışırıqsa, qadın, kişi fərq etmir. Məsələn, sidik kisəsi xərçəngi daha çox kişilərdə rast gəlinir. Bu xəstəlik Avropa ilə müqayisədə Azərbaycanda qadınlar arasında daha azdır. Səbəb isə qadınların siqaret istifadəçisi olmamasıdır. Sidik kisəsi tümörləri xərçənglərinin əsas səbəbi siqaretdən istifadədir. Uzun illər siqaret çəkən adamlar siqaret çəkməyənlərə və ya qısa müddət siqaret çəkənlərə nisbətən daha yüksək riskə malikdirlər.
Sidik kisəsi xərçəngi ilə xəstələnmə ehtimalının yüksəlməsi gündə çəkilən siqaret sayının artması ilə birbaşa bağlıdır. Bunun əsas əlaməti sidikdə qan görmədir. Ağrı, sızı olmadan, sidik ifrazı zamanı qan, yanma və göynəmə müşahidə olunursa, mütləq uroloji həkim müayinəsindən keçmək lazımdır.
Qadınlarda bu əlamətə çox nadir hallarda rast gəlinir. Xəstəliyə kəskin diaqnoz qoymaq üçün endoskopik üsullardan istifadə edirik. Bu sidik kisəsinə kamera ilə baxmaqdır. Çünki sidikdə qanın gəlməs səbəbini yüz faiz sidik kisəsi tümörü və ya polipi ilə əsaslandıra bilmərik. Məsələn, böyrəyin daşlarında, böyük prostatlarda da qan görünə bilər.
Uzun-incə sap şəklində sidik ifrazında qan görürüksə, bu artıq fikrimizi böyrək mənşəyinə götürür. Al-qırmızı qan görürüksə, demək ki, prostat o qədər böyüyüb ki, divarlarını sürtür. Yox, əgər sidik kisəsinin içində ifraz zamanı tünd hemotoma-laxta şəklində qan gəlirsə, bu daşın və ya polipin problemlərindən dolayıdır ki, qalıb laxtalanıb. Kəskin diaqnoz üçün mütləq kamera dəstəyindən istifadə etməliyik.
- Uroloji problemlərə uşaqlar arasında da rast gəlinirmi?
- Uşaqlarda uroloji problemlərə o qədər də rast gəlinmir. Daha çox oğlan uşaqlarında müşahidə edilən problemlərdən biri xayaların yerində olmamasıdır. Doğuşdan belə yaranır. Ana və nənələr buna diqqət etməlidir. Çünki uşağı yuyundurarkən onlar görürlər. Problemi uşaq doğulandan sonrakı 3 ayda gözləyirik. Çünki bu müddət ərzində xaya fizioloji cəhətdən öz yerində otura bilər.
3 aydan 1 və ya 1,5 yaşa qədər dərman müalicəsi ilə endirmək şansımız var. Bu müddətdə də əməliyyat etmirik. Əgər 1,5 yaşı keçibsə və yerinə endirilməyibsə, əməliyyat şərtdir. Əməliyyat ona görə şərtdir ki, ən qorxduğumuz xaya xərçəngi yarana bilər, ikincisi isə sonsuzluq olmasın deyə xayanı yerində təsbit etmək vacibdir.
- Prostat vəzi xərçəngi son illər daha çox yayılıb. Sizcə, belədirmi? İlk hansı əlamətlələ bu xəstəliyi bilmək olar?
- Xəstə özündə prostat probleminin olduğunu evdə diaqnoz edə bilir. Amma şişin artıq bədxassəli və xoşxassəli törəmə olduğunu klinikada təyin edə bilirik. Prostatın yaşı yoxdu və yaş artıqca, prostatın da şikayəti artır. Xəstədə gecə tez-tez və kəsik-kəsik sidik ifraz olursa, sidiyə gedib qayıtdıqdan sonra təkrar sidik kisəsinin hamısının boşalmamasını hiss edirsə, bəzən sidik ifrazına başlarkən haçalanma, yanma və göynəmə hiss edirsə, bəzən ayaqyoluna çatdıra bilməmək şikayətləri varsa, həkimə müraciət etmək tövsiyə olunur.
Prostat şişi xərçənglər arasında ən optimal ağırlaşma verən xəstəlikdir. Vaxtında diaqnoz qoyularsa, onu izləmədə saxlaya və əməliyyatsız onları terapiya edə bilirik. Gecikmiş faza olarsa və çox yubadarlarsa, 2,5 saatdan 5 saata qədər riskli şəkildə əməliyyat çəkir. Ona görə də ilkin mərhələdə tuta bildiyimiz prostatları ağırlaşmadan müalicə edə bilirik. Prostatı götürərkən sidik kisəsi boyunca olan bütün linfa düyünləri də götürülməlidir. Əgər onlar düzgün təmizlənirsə, bu xəstəlikdən sonra ölmə ehtimalı demək olar ki, çox aşağı və ya olmur.
- Bəs, qadınlar arasında hansı uroloji problemlərlə bağlı müraciətlər var?
- Qadın pasiyentlərimizin ən çox şikayəti sistitdir. Sistit kişilərlə müqayisədə qadınlarda daha çox müşahidə olunur. Çünki sidik kisəsinin çöllə təmasında bir kanal var. Qadınlarda bu, 4-5 sm, kişilərdə isə 13-17 sm-ə qədər olur. Kanal nə qədər qısa olarsa, çöldə olan bakteriyanın sidik kisəsinə keçmə ehtimalı bir o qədər yaxındır. Burada ən çox bağırsaq mənşəli bakteriyalardan söhbət gedir. Sistitlər sidikdə yanma, göynəmə, kəsik-kəsik getmə, bəzən rəng dəyişikliyi, acışma hissləri müşahidə olunur.
Təəssüflər olsun ki, pasiyentlərimizin çoxu bu problemi ev şəraitində, qonşu və ya tanış aptek satıcısının məsləhəti ilə müalicə etməyə üstünlük verirlər. Düzdür, yanma, göynətmə və digər əlamətlər keçir. Amma problem artıq sidik kisəsində yatır və bu, təkrar aktivləşə bilir. Təkrar aktivləşəndə isə xroniki sistitə çevrilir.
Xroniki sistit isə çox ağır və sevilməyəcək bir xəstəlikdir. Qadın pasiyentlərimiz sistiti adət dönəmi ilə çox qarışdırır. Adət dönəmindən iki-üç gün əvvəl və bir günə qədər qasıq nahiyəsində başlayan şiddətli ağrılar olur. Bunu adət ağrısı ilə qarışdırırlar. Halbuki belə deyil. Təsəvvür edin ki, kəskin qanaxma ilə müşahidə olunan xəstələrimiz belə olub ki, təcili əməliyyata götürmüşük.
Ona görə də sistit xəstəliyinə çox ciddi yanaşmalıyıq. Vaxtında diaqnoz edilməyən bu xəstəlik sonradan çox ciddi fəsadlarla nəticələnir. Ona görə də qadınlar “sistim oldum deyə” aptekdən dərman almasınlar. Hər bir antibiotikin həssas olduğu bir bakteriya var. Biz antibiotiklə həm immunitetimizi aşağı salırıq, həm hər hansı infeksiyaya yoluxma ehtimalımız artır, həm də başqa bir antibiotikin nə vaxtsa orqanizmimizə təsiretmə mexaizmi azalır.
- Qadınlarda sistitə daha çox hansı yaş aralığında rast gəlinir?
- Daha çox hamilə dönəmində və hamiləlikdən sonra... Evli olmayan çox nadir xəstəm olub. Sistit xəstəliyi daha çox evlilikdən sonra artır. Buna səbəb isə düzgün yuyunmamaq, iltihabi proseslər və soyuqdəymədir. Bu məsələdə gigiyenik qaydalar ən vacibidir. Dediyim ki, bakteriyanın sidik kisəsinə 4 sm-dən keçmə ehtimalı daha çoxdur.
- Daha gənc və ya uşaq yaşda xərçəng diaqnozu qoyulan xəstələriniz olubmu?
- 10 illik cərrah və uroloq olaraq deyə bilərəm ki, daha gənc və uşaq yaşda 2-3 belə şəxs müalicə etmişəm. Uşaqlarda rast gəldiyimiz xəstəliklər əsasən böyrək çıxışının darlığıdır. Yəni böyrəyin bir havuzu var və oradan süzülən sidik bir kanalla sidik kanalına toplanmalıdır. Oradakı kanalın üzərinə aberilan damar dediyimiz, ən çox müşahidə etdiyimiz böyrəyin alt polunu qidalandıran bir arteriya ayrılıb o kanalın üstünü sıxır və artıq böyrəkdə şişmə prosesi başlayır. Yəni böyrəyi itirilməyə qədər gətirib çıxara bilir. Ona görə bunu vaxtında aşkar edib, açırıq, təmizləyirik və kanalı bərpa edirik ki, böyrək itirilməsin. Cinsiyyətindən fərqli olmayaraq bütün uşaqlarda bu problemi müşahidə edirik. Oğlan uşaqlarında uroloji problem varsa, valideynləri çalışmalıdır ki, onları hələ sünnət etməsinlər. Sünnət olunacaqsa da həkim əməliyyatxana şəraitində özü etməlidir.
- Böyrəklərdə olan şişlər, kistalar və daşlar aşkarlanarsa, əməliyyat mütləqdirmi?
- Böyrəklərdə olan şişlər, kista və daşlar demək olar ki, ağrı vermir. Təsadüfi ultrason və tomoqrafiya olunarkən müşahidə olunur. Böyrək kistaları qorxusuzdur. Mən 10 sm-ə qədər olan kistaları əməliyyat etmirəm. 6 aydan bir analiz və UZİ ilə takib edirəm. 10 sm-dən sonra olan kistalara ona görə əməliyyat tövsiyə edirəm ki, kistanın partlaması və ya hansısa travma yaranması ehtimalı var. Belə xəstələrə də özlərini travmalardan qorumalarını məsələhət bilirəm. Erkən diaqnoz qoya biliriksə, orqanqoruyucu əməliyyatlar icra edə bilirik. Yeniyetmə bir oğlan bıçaqlanma ilə daxil olmuşdu və böyrək nahiyəsinən kəsici, deşici travma almışdı. Klinikalardan birində artıq orqanı çıxarmağı düşünürdülər. Çünki xəstəxanada uroloq yox idi. Cərrah da bir şəkildə qanı durdurmalı idi. Dəvət etdilər, o uşağın böyrəyini qoruya bildik və yerində qaldı.
- Faiz etibarilə kişi, yoxsa qadın sonsuzluqları çoxdur?
- Sonsuzluq problemi çox ciddi şəkildə artıb. Təssüflər olsun ki, ailələrimizin dağılmalarından biri də sonsuzluqdur. Bizdə adət-ənənə var ki, cütlük evləndisə, qadın 1 il ərzində hamilə qalmalıdır. Əslində ədəbiyyatın da yazdığı budur. Qadın 1 il ərzində hamilə qala bilmirsə, artıq buna sonsuzluq deyilir. Təssüflər olsun ki, Azərbaycanda bu məsələdə daha çox qız evinə yüklənirik. Ancaq qızı həkimə göndəririk, yoxlatdırırıq, analizlərdən keçiririk. Əlbəttə ki, müayinə etməliyik, amma qızla bərabər oğlan da yoxlanmalıdır.
Nədənsə kişilər cinsi problemləri ilə bağlı həkimə getməyi özlərinə sığışdırmırlar. Kişilər o problemin özlərində olmasını qəbul etmək istəmirlər. Uzun müddət sonra aşkar olunur ki, sonsuzluğun əsas problemi əsasən kişilərdə olan varikoseldir (xayalardakı qanı boşaldan damarların müxtəlif səbəblərlə hədsiz genişlənməsi nəticəsində qanın geri axması). Aktiv hərəkət, idman, ağır işlər və alətlər qaldırmaq xaya damarlarının genişlənməsinə səbəb olur. Təcrübə göstərir ki, sonsuzluq problemi qadınlara nisbətən kişilərdə daha çoxdur. Ən yaxşı variant toydan öncə oğlanların həkim müayinəsindən keçmələridir.
Çünki spermanı artırmaq üçün bizə 3-6 ay müddət, infeksiyaları sağaltmaq üçün vaxt lazım olur. Onu da deyim ki, tibb o qədər inkişaf edib ki, artıq sonsuzluq problemini də düzgün müalicə ilə aradan qaldıra bilirik.
Məlumat üçün bildirək ki, Türkiyədə təhsil almış, uzman uroloq – androloq və cərrah Zəbur Bağırov 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Tibb fakültəsini bitirib. 2009-2010-cu illərdə həmin fakültəni təkrar Türkiyədə Kocaeli Universitetində bitirib. Sırf Urologiya ixtisası ilə bağlı 2013-2017-ci illərdə Kocaeli Eyitim və Araşdırma Xəstəxanasında təkmilləşdirmə təhsilini davam etdirib. 2011-2013-cü illərdə Naxçıvan Muxtar Respublika Mərkəzi xəstəxanasının Məhkəmə Tibb Ekspertiza Şöbəsinin müdiri, 2017-2018-ci illərdə həmin xəstəxananın urologiya şöbəsinin müdiri, daha sonra 2018-2023-cü illərdə isə Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi vəziflərində çalışıb. Hazırda Bakı Sağlamlıq Mərkəzində uroloq-cərrah, androloq kimi fəaliyyətini davam etdirir. Bütün uroloji və androloji əməliyyatları icra edir.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 09.04.2024
“Kişilər cinsi problemləri ilə bağlı həkimə getməyi özlərinə sığışdırmırlar” - Tanınmış uroloq-androloqla MÜSAHİBƏ
Hazırda oxunan: “Kişilər cinsi problemləri ilə bağlı həkimə getməyi özlərinə sığışdırmırlar” - Tanınmış uroloq-androloqla MÜSAHİBƏ
Hazırda oxunan: “Kişilər cinsi problemləri ilə bağlı həkimə getməyi özlərinə sığışdırmırlar” - Tanınmış uroloq-androloqla MÜSAHİBƏ
186433
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.