“Ağdaban soyqırımı Azərbaycan xalqını sarsıtmaq məqsədilə törədilib” - Beynəlxalq ictimaiyyətə müraciət - FOTO

“Ağdaban soyqırımı Azərbaycan xalqını sarsıtmaq məqsədilə törədilib” - Beynəlxalq ictimaiyyətə müraciət - FOTO

Hazırda oxunan: “Ağdaban soyqırımı Azərbaycan xalqını sarsıtmaq məqsədilə törədilib” - Beynəlxalq ictimaiyyətə müraciət - FOTO

186040

Kəlbəcərin Ağdaban kəndində baş verən soyqırımının 32-ci ildönümü ərəfəsində Ağdaban ictimaiyyəti beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət edib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Biz - 1992-ci il aprelin 7-8-də Kəlbəcərin Ağdaban kəndində Ermənistanın hərbi birləşmələrinin soyqırımına məruz qalan dinc azərbaycanlı sakinlər, kütləvi qırğının canlı şahidləri, həmin hadisədə ailə üzvlərini, doğmalarını, evlərini itirən şəxslər sizə Açıq Məktubla müraciət edərək ədalət tələb edirik!
Xocalı soyqırımının ardınca – 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcərin Ağdaban kəndində Ermənistan tərəfindən dinc əhaliyə qarşı törədilən kütləvi qırğın zamanı 130-dan çox ev yandırılıb, 779 nəfər kənd sakininə divan tutulub. Faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilib, 8 nəfər qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. 2 nəfər itkin düşüb, 5 nəfər isə girov götürülüb.

Faciə zamanı Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndələri - Aşıq Şəmşirin və onun atası Ağdabanlı şair Qurbanın əlyazmaları, külliyyatı məhv edilib, Aşıq Şəmşirin nəvəsi diri-diri tonqalda yandırılıb.

Bu gün biz doğma torpağımızda – Ağdabandayıq. Biz Sizə işğal dövründə Ermənistan tərəfindən tamam viran edilmiş, dağıdılmış kənddən müraciət edirik. Burada Aşıq Şəmşirin məzarı daxil olmaqla, kənd qəbiristanlığındakı məzarlar dağıdılıb, qəbiristanlıqlar minalanıb. İşğal dövründə Ermənistan Azərbaycan ərazisində məscidləri uçurub, içərisində donuz, mal-qara saxlayıb, onlarla məscidi yerlə-yeksan edib. Bu, heç bir dinə, mənəviyyata sığmayan vandalizm aktıdır.

Azərbaycanın işğal edilmiş ərazilərində törədilən soyqırımı aktları, cinayətlərin nəticəsidir ki, bu gün azad edilmiş ərazilərdə onlarla kütləvi məzarlıqlar aşkarlanmaqdadır.

Fransanın, Avropa İttifaqının Avropa sülh mexanizmi adı altında Ermənistanı silahlandırması, revanşizmin baş qaldırmasına hər cür dəstək verməsi bizi hiddətləndirir. Biz bu hərəkətləri, ərazi bütövlüyü məsələsinə ikili standartlarla yanaşmaları qəbul etmir, bu addımları Azərbaycan xalqına və dövlətinə qarşı fəaliyyət hesab edirik!

Biz yaxşı bilirik ki, Ağdaban soyqırımı da Xocalıda, Meşəlidə, Quşçularda, Malıbəylidə, Qaradağlıda, Ballıqayada, Başlıbeldə olduğu kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, etnik təmizləmə aparmaq məqsədilə törədilib.

Ötən dövr, 2020-ci ildəki 44 günlük müharibə, 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı da göstərdi ki, bütün bunlar Azərbaycan xalqının mətin iradəsini sındıra bilmədi.

Biz Ağdaban icması Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə qürur duyuruq. Onun qətiyyətli siyasəti, müdrik liderliyi nəticəsində Azərbaycan BMT qətnamələrini təkbaşına icra etdi, respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin olundu, Azərbaycan xalqı ən böyük arzusuna çatdı. Biz Prezident İlham Əliyevin siyasətini tam müdafiə edir və alqışlayırıq!”.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO