Kişi zənglərinə cavab verməyən arvadını evdən qovdu

Kişi zənglərinə cavab verməyən arvadını evdən qovdu

Hazırda oxunan: Kişi zənglərinə cavab verməyən arvadını evdən qovdu

185166

Sumqayıt şəhərində 1978-ci il təvəllüdlü Bəhruz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səbinəyə (adlar şərti göstərilib –red.) xəsarət yetirib.  

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, hadisəni törədən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 13 il olar Səbinə ilə ailə həyatı qurub: 

“Bu evlilikdən bir qız və bir oğlan övladımız olub. Evlilik dövründə dəfələrlə aramızda mübahisələr olub. Sonuncu dəfə hadisə günü, axşam saatlarında işdən evə gələn zaman həyat yoldaşım Səbinənin mobil nömrəsilə dəfələrlə əlaqə saxlasam da, nömrəmin əngəlləndiyinin şahidi oldum. Bundan sonra evə gəldim. Evə girən zaman Səbinənin mətbəxdə oturaraq telefonla danışdığını gördüm. Bu zaman Səbinə oturduğu yerdən ayağa durdu. Ondan telefonunu mənə verməsini istədim. Səbinə telefonu verməkdən imtina etdi. Telefonda anası ilə olan danışıqlarını siləcəyini dedi”.  

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Səbinəni yerə yıxaraq məcburiyyət qarşısında telefonu əlindən alıb: 

“Bunu eləməyimin səbəbi kiminlə danışmasının mənə maraqlı olması olub. Telefonu götürüb qonaq otağına keçdikdə Səbinə cibimdən telefonu götürərək hamama girdi. Bundan sonra evdə uşaqlar olduğu üçün daha məsələni uzatmadım. Təxminən 5 dəqiqə sonra hamamdan çıxaraq telefonu mənə verdi. Onun telefonda olan mesajları silmək istəməsi məndə şübhə yaratdı. Əsəbləşib ona şillə zərbələri ilə sifətindən vurdum. Evdə uşaqlar olduğu üçün 5-6 şillə zərbəsi vurduqdan sonra dayandım. Bundan sonra Səbinənin qardaşına telefonda olan ismarıcları silməsi, mənə göstərməməsi barədə məlumat verdim”.  

Bəhruz deyib ki, ertəsi gün, səhər saatlarında yuxudan oyandıqdan sonra Səbinəyə uşaqları götürərək anasının yaşadığı evə getməsini tələb edib. Onun bildirdiyinə görə, həmin gündən Səbinə evi tərk edərək gedib.  

İş üzrə zərərçəkmiş Səbinənin sözlərinə görə, Bəhruz ilə aralarında dəfələrlə mübahisələri olub:

“Bu dövr ərzində Bəhruz bir dəfə də olsun evin problemləri ilə maraqlanmayıb. Sonuncu dəfə hadisə günü, axşam saatlarında istifadə etdiyim telefonda nömrəsinin əngəllənməsinə görə Bəhruz evə gələrək mübahisə yaratdı. Mən də istəyərəkdən əngəlləmədiyimi, telefonumun qızımızda olduğunu, onun bilmədən edə biləcəyini dedim.

Bundan sonra yumruq və şillə zərbələri ilə başımdan, sifətimdən zərbələr vurdu. Sonra məni yerə yıxaraq, bədənimin müxtəlif nahiyyələrindən vurdu. Döyən zaman ağzımdan qan gəldi və dişim qırıldı. Daha sonra uşaqlarım ilə birlikdə məni evdən qovdu.
Bundan sonra sosialdan aldığım müavinətin kartı Bəhruzda olduğu üçün evdən çıxdıqdan sonra kart adıma olduğu üçün kartı dəyişdirdim. Daha sonra Bəhruz mənə “Whatsapp” platformasında səs formasında ismarıc göndərərək kartı geri qaytarmağımı istədi”.  

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruz 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.  

Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün saat 07.00-dək yaşadığı ünvanı tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO