Xəbər verildiyi kimi, Azərbaycanda daha bir gənc elektrik cərəyanının qurbanı olub. Bədbəxt hadisə Ağstafanın Vurğun qəsəbəsindəki statdionda baş verib. Qəsəbə sakini, 2006-ci il təvəllüdlü Elvin Həsənzadəni elektrik cərəyanı vuraraq öldürüb. İddialara görə hadisənin baş verməsinə səbəb elektrik xəttinin stadionun üzərindən çox yaxın məsafədən keçməsidir.
MÖVZU İLƏ BAĞLI:
Ağstafada gənc oğlanı “tok” öldürdü
Bəs, iddialar nə qədər doğrudur?
Hadisənin təfərrüatlarını öyrənmək üçün Ağstafa rayon Vurğun qəsəbə ərazi nümayəndəsi Zaur Həsənovla əlaqə saxladıq.
Zaur Həsənov Bizim.Media-ya açıqlamasında hadisənin baş verdiyi ərazidən, konkret desək, stadionun üzərindən yüksək gərginlikli elektrik xəttinin keçdiyini bildirib:
“Hadisə qəsəbənin mini stadionunda baş verib. Bu stadionun üstündən 10 min voltluq xətt keçir. Axşam vaxtı Elvin Həsənzadə yoldaşları ilə orada oturub şirə içirlərmiş. O, da dostları ilə zarafatlaşmaq istəyib, 2-3 metrlik dəmir borunu qaldıranda 5-6 metr hündürlükdə olan elektrik xəttinə toxunub”.
Zaur Həsənov onu da əlavə edib ki, bu gün olayın yaşandığı ərazidə araşdırma aparılacaq və elektrik xəttinin hündürlüyü ölçüləcək.
Saytımıza danışan mərhumun əmisi oğlu Rəhim Həsənzadə də stadionun üzərindən yüksək gərginli elektrik xəttinin keçməsindən şikayətlənib:
Müsahibimiz qeyd edib ki, yaşayış olan ərazilərdən elektrik xəttlərinin keçməsi doğru deyil:
“Elvin əlindəki dəmir boru ilə elektrik xəttinə toxunub və elə hadisə yerində ölüb. Həmin vaxt yanında olan uşaqları şəxsən tanımasam da, onların psixoloji sarsıntı keçirdiyini bilirəm. Yüksək gərginlikli elektrik xəttinin stadionda nə işi var? Qanunla və mən bildiyim qədərilə, nə yaşayış obyektinin, nə uşaq bağçasının, nə məktəbin, nə də ki stadionun üstü ilə bu cür “tok”lar getməməlidir”, - deyə Rəhim Həsənzadə əlavə edib.
Məsələ ilə bağlı “Azərişıq” ASC-yə də sorğu göndərilib.
Xatırladaq ki, buna bənzər olay ötən il oktyabrın 22-də Sumqayıtın Corat qəsəbəsində baş verib. 2010-cu il təvəllüdlü Əliyev Aslan Zaur oğlunu yaşadığı ünvanda cərəyan vurub. Bir ayağı və bir qulağı amputasiya olunan yeniyetmə xoşbəxtlikdən sağ qalıb. Aslan Əliyevin yaxınları açıq sahədə elektrik naqilinin aşağı hündürlükdən keçməsi səbəbindən bədbəxt hadisənin baş verdiyini iddia edirlər.
Nuranə Daxilqızı, Bizim.Media