Dilqəm Əsgərovun oğlundan dəhşətli MƏHKƏMƏ FAKTLARI - Həsən necə öldürülüb?

Dilqəm Əsgərovun oğlundan dəhşətli MƏHKƏMƏ FAKTLARI - Həsən necə öldürülüb?

Hazırda oxunan: Dilqəm Əsgərovun oğlundan dəhşətli MƏHKƏMƏ FAKTLARI - Həsən necə öldürülüb?

18052

Ötən il əsirlikdən vətənə qaytarılan Dilqəm Əsgərov və Şahbaz Quliyev arasında qalmaqal səngimək bilmir. Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Şahbaz Quliyev haqqında yeni iddia və ittihamlar səsləndirərək onu atasına xəyanətdə günahlandırıb.

Bildirib ki, sonuncu dəfə 2014-cü ilin 8 iyulunda atası və onun dostu Həsən Həsənov Şahbaz Quliyevlə gedəndə Şahbaz Quliyev onların yanından qaçıb fermaya girib.

Şahbaz Quliyev ermənilərin işgəncəsi ilə onlara təslim olaraq iş birliyinə başlayıb. Məhz atasının erməni əsgərləri tərəfindən girov götürülməsinə səbəb və günahkar da elə Şahbaz Quliyev olub. 

Bizim.Media-ya açıqlama verən Kürdoğlu Əsgərov atasının Şahbaz Quliyevə görə mediada və sosial şəbəkələrdə əsassız yerə yarğılandığından gileylənib.

Atasının təhqir olunduğunu və ictimaiyyətdə barəsində formalaşan xoşagəlməz rəylərdən narahatlığını ifadə edən Kürdoğlu Əsgərov əllərindəki məhkəmə qərarlarına, eləcə də faktlara söykənərək açıqlama verdiyini deyib:

“Dilqəm Əsgərovu təhqir edənlərə mətbuat vasitəsilə müraciət etmək istəyirəm ki, atam I Qarabağ savaşından indiyədək vətən uğrunda mübarizə aparan, qəhrəman övladlardan biridir. Heç kimin atama dil uzatmağına haqqı çatmır. Siz isti evdə oturmusuz. Amma düşmənin əlində 7 il olmazın işgəncələrə dözmək, Azərbaycan əleyhinə bir kəlmə söz danışmamaq hər oğulun işi deyil. Atamın bədənində salamat yer yoxdur, amma Şahbaz Quliyevdən fərqli olaraq düşmənə bir kəlmə də Azərbaycan əleyhinə danışmayıb”. 

Kürdoğlu Əsgərov 7 il əvvəl Kəlbəcərdə yaşananlarla bağlı daha dəhşətli faktları ortaya çıxarıb.

O, deyib ki, Həsən Həsənovun qətlə yetirilməsi də müəmmalıdır. Onun hansı şəkildə öldürülməsini ən yaxşı Şahbaz Quliyev bilir:
 

“Atam Həsən Həsənovun qətlə yetirilməsini görməyib. Onun necə və hansı şəkildə öldürülməsini ən yaxşı Şahbaz Quliyev, Azərbaycan və Ermənistan xüsusi xidmət orqanları bilir. Həmin vaxt nə baş veribsə, bizdə məhkəmə qərarları var.


Hansı ki, sizə təqdim etdiyim o sənədlərdə Şahbaz Quliyevin ermənilərlə necə iş birliyi qurması, atamı ermənilərin əlinə verməsi barədə detallar əks olunub. Şahbaz Quliyev isə yalanlar danışır. Çünki o, ermənilərlə iş birliyi quran bir adamdır. Ermənilər atamın guya orada kimisə qətlə yetirdiklərini bildiriblər və qondarma məhkəmə qurublar. Təsəvvür edin, atamın qolları arxaya qandallı bağlı vəziyyətdə oturub. Ermənilər Şahbaza işgəncə verərək əmr edirlər ki, Dilqəmi ölümünə vur. Şahbaz da “dubinka” ilə atamın başına vurur və deyir ki, öldürdüyün erməniləri niyə boynuna almırsan? Atam boynundan atır, bildirir ki, heç kimi öldürməyib. Şahbaz isə təkrar “dubinka”sını işə salır və atamın üzünə durur ki, “erməniləri öldürdüyünü boynuna al”. 

Kürdoğlu Əsgərov qeyd edib ki, ermənilərə atasının izinə düşmək üçün koordinatları da Şahbaz Quliyev verib:
 

“Atam Qarabağda keçirilən məhkəmə qərarlarının hamısını özü ilə gətirib və oradan məlumatlar əldə etmişəm. İyul ayının 8-də Şahbaz Quliyev ani olaraq atamgilin yanından durub qaçır.


Atamgil Şahbaz Quliyevi izləyirlər ki, görsünlər hara gedir. Çayı keçəndən sonra Şahbaz Quliyevin izi itir. Atamla Həsən Həsənov onu iki gün axtarmağa başlayırlar. Narahat olublar ki, birdən yıxılar, meşədə başına nəsə iş gələr. Şahbaz Quliyev isə sən demə düşmənin evinə girərkən əsir götürülüb atamgilin yerini tarif edib. Orada “Youtube”a girərək atamın fotosunu götürüb və ermənilərə verib. Təxminən 1000-ə qədər atamın şəkli çıxarılaraq Qarabağdakı ermənilərə paylanılıb ki, bu şəxs təhlükəlidir və axtarılır.

Adını da qoyublar ki, guya Dilqəm Əsgərov polkovnikdir. İki gün ermənilər atamgilin izinə düşüb. İki tərəfdən alınan mühasirədən atam qurtula bilib. Çünki o, I Qarabağ savaşında kəşfiyyat komandiri olub. Növbəti mühasirədə atışma baş verib. Həsən Həsənovun orada qətlə yetirilməsi və ya ələ keçirilməsini görməyib. İyulun 14-də artıq ermənilər iki vertalyot, BTR və ordu ilə atamı mühasirəyə alıblar.

BTR-dən dəyən qəlpə atamın kürəyinə və ayağına dəyib. Buna baxmayaraq atam yaralı vəziyyətdə Həsən Həsənovun qətlə yetirildiyi yerə qayıdıb ki, onun sağ və ya öldüyünə əmin olsun. Artıq orada atam erməni vertalyotu ilə üz-üzə qalıb və əsir götürülüb”.   

Kürdoğlu Əsgərovun sözlərinə görə əslində 7 il əvvəl Kəlbəcərdə baş verənlərdən xəbəri olub. Sadəcə danışmaq istəməyib:

“Atamgil əsirlikdən qayıdan sonra ona qarşı səhv məlumatlar və mənfi rəyin formalaşdığını gördüm. Şahbaz Quliyevin orada nə iş gördüyü mənə maraqlı deyil. Atam üçün narahat idim ki, barəsində yalnış təsəvvür formalaşmasın. Yenə deyirəm, Kəlbəcərdə atamın əsir götürülməsi və Həsən Həsənovun öldürülməsində gühahkar birbaşa Şahbaz Quliyevdir.
 

Hansı ki, atamın polkovnik olduğunu da ermənilərə o, demişdi. Açıqlama verib ki, guya atama onu hökumət adamı adlandırdığına görə sillə vurub. Sonra deyib ki, atamı belinə alıb gəzdirib.


O, Dilqəm Əsgərova sillə vura bilər? Onda bir az çatışmazlıq var. Boş cəfəngiyyatlar danışır. Məqsəd orada da atamı aradan götürüb, ermənilərə havadarlıq etdiyini ört-basdır etmək idi. Şahbaz Quliyev birnömrəli erməni agentidir və Bakıdakı erməni havadarlarının göstərişi ilə işləyir”. 

Qeyd edək ki, Bizim.Media Şahbaz Quliyevlə əlaqə yaradıb. O, barəsində səsləndirilən ittihamlara susqunluqla yanaşıb.

Alçina Amilqızı, Bizim.Media 











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO