Manat ucuzlaşa bilər? - FOTO

Manat ucuzlaşa bilər? - FOTO

Hazırda oxunan: Manat ucuzlaşa bilər? - FOTO

180054

Region ölkələrinin valyuta məzənnələrinin ABŞ dollarına nəzərən enməsi, Mərkəzi Bankda keçirilən valyuta hərraclarında əvvəlki dövrlərlə müqayisədə daha çox valyuta satışının həyata keçirilməsi bu sualı yaradır: Manat da ucuzlaşa bilər? 

Düzdür, Mərkəzi Bank bu sualı, mediadan gələn sorğuları vaxtaşırı cavablandırır. Sonuncu dəfə bildirilib ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Xarici valyutaya tələbin artması dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi ilə bağlıdır. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, qurum vəziyyətin belə davam edəcəyi halda, 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağını gözləyir.

Başqa sözlə, Mərkəzi Bankın açıqlaması yaxın dövrdə manatın məzənnəsi üçün hər hansı bir təhlükənin olmayacağını deməyə əsas verir. Bəs, real vəziyyət necədir? 

Əvvəlcə ondan başlayaq ki, Mərkəzi Bank xarici valyutaya tələbin artmasını dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi ilə əsaslandırsa da, rəsmi göstəricilər bu barədə fərqli düşünməyə əsas verir. Belə ki, cari ilin yanvar ayında əvvəlki ilin eyni dövrünə nisbətən ölkəyə idxal 19,2 faiz azalsa da, bu dövrdə banklara valyuta satışı 2,2 dəfə artıb.  


Ancaq bu, o demək deyil ki, manatın məzənnəsi üçün təhlükə var. İlk növbədə, Mərkəzi Bankın açıqlamasına görə, tədiyə balansı (red: iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir) profisitlidir. Bunun başlıca səbəbi neftin dünya bazarlarındakı qiymətinin ölkə iqtisadiyyatı üçün qənaətbəxş səviyyədə olmasıdır. 

İqtisadçı Rəşad Həsənov isə hesab edir ki, hazırda ölkədə maliyyə əsaslı problem yoxdur. Ekspert məsələ ilə bağlı saytımıza açıqlamasında bildirib ki, indiki şərtlər daxilində manat üzən məzənnə rejiminə keçirilərsə, milli valyuta, hətta dollara nəzərən bahalaşa bilər:

“Bu, 2017-ci ildən sonra yaranmış situasiyada dəfələrlə müşahidə olunan bir haldır. Hər hansı bir inzibati müdaxilə olmasa, məzənnə süni şəkildə dəyərsizləşdirilmərsə, hazırki eko mühit manatın ucuzlaşmasını ehtiva etmir”.  

Digər tərəfdən ölkənin valyuta bazarında manipulyasiya imkanları minimuma endirilib. İqtisadçı Xalid Kərimli məsələni “Qafqazinfo”ya şərh edərkən xatırladıb ki, 2015-ci il və ondan əvvəlki müddətdə şirkətlər ehtiyat vəsaitlərini xarici valyutada saxlaya bilirdilər. Həmçinin qeyri-qanuni valyuta satışı həyata keçirən banklar mövcud idi. Lakin bunların qarşısı alındı. Həmçinin valyutadəyişmə məntəqələrində satışla bağlı məhdudiyyət mövcud deyildi. Hazırda hər bir vətəndaşın il ərzində 20 min manatlıq alış norması var: “Dünyada enerji qiymətləri yüksək qaldıqca, manatın məzənnəsi ilə bağlı ciddi təhlükə yoxdur. Hökumətin də 2024-cü ildə şüurlu şəkildə manatı ucuzlaşdıracağını düşünmürəm. Mərkəzi Bankın valyuta bazarına ciddi nəzarət və təsir imkanları, eyni zamanda, müvəqqəti tərəddüdləri tənzimləyəcək qədər ehtiyatları mövcuddur”. 


Hərraclardakı satışlara gəldikdə, banklara yanvarda 417 milyon 100 min dollar – ötən ilin eyni ayı ilə müqayisdə 2,2 dəfə çox xarici valyuta satılıb.

Fevral ayının 1-22 tarixləri arasında 685 milyon 500 milyon dollar satılıb ki, bu da 2023-cü ilin bütün fevral ayındakı göstəricidən 1,9 dəfə çoxdur. Lakin o da nəzərə alınmalıdır ki, 2024-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi 12 milyard 781 milyon manatdır. Bu məbləğdə ödəniş etmək üçün Fond il ərzində valyuta bazarına 7 milyard 518 milyon 235 min və ya aylıq 626 milyon 500 min ABŞ dolları satmalıdır. Hərraclarda valyuta satışının həcminə bu prizmadan yanaşdıqda, ciddi artımdan danışmaq yersiz görünür. 

Ən əsası isə ölkənin devalvasiya gedilməsi və onun yaratdığı nəticələr ilə bağlı təcrübəsi var. Bu baxımdan sabit məzənnənin yaratdığı üstünlüklər onun qorunub saxlanılmasını zəruri edir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO