Qisası qiyamətə qalmayan XOCALI 

Qisası qiyamətə qalmayan XOCALI 

Hazırda oxunan: Qisası qiyamətə qalmayan XOCALI 

179936

Düz 32 il əvvəl Xocalıda əsrin faciəsi törədildi. Gecənin qaranlığında təpədən-dırnağadək silahlanmış ermənilər 366 motoatıcı alayın köməkliyi ilə şəhərə soxuldu. Həmin gecə ermənilərin məqsədi daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirtmək yox, azərbaycanlı olduqları üçün şəhər əhalisini məhv etmək idi. 

Nə yazıq ki, o qanlı gecədə ermənilər istəklərinə nail oldular. Dəhşətli cinayət nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirildi. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi.  
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Xocalıda soyqırımı memorialının təməlini qoydu


Ümumilikdə o gecə 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Onlara olmazın işgəncə verildi. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur. Ümumilikdə isə 200 Xocalı sakininin taleyi bu günə qədər qaranlıq qalıb.

Bir sözlə Azərbaycan xalqı fevralın 26-na açılan səhəri dəhşətli xəbərlə qarşıladı... 

Amma insanlığı dəhşətə gətirən bu faciəni dünyanın aparıcı dövlətləri, BMT və bu kimi beynəlxalq təşkilatlar nədənsə eşitmədi, görmədi. Azərbaycan xalqı öz dəhşətli faciəsi ilə baş-başa qaldı. Hətta Qarqar çayı boyu tökülüb qalan, donan meyitlərin yığılmasına heç bir beynəlxalq təşkilat vasitəçilik etmədi. 

Bu gün saxta və əsassız iddialarla Azərbaycanın üstünə gələn ABŞ, Fransa, Almaniya və digər dövlətlər o gün kor və kar olmuşdu. Dövlətlər bir yana, özlərini azad sözün dayaqları sayan populyar nəşrlər də, agentliklər də o gün susdular. Sanki bütün dünya Azərbaycandan üz çevirmişdi. Dəhşətli faciənin şokundan çıxa bilməyən ölkə əhalisi nə edəcəyini bilmirdi. Yalnız 2 gün sonra fevralın 28-də çay boyu və meşəlik ərazilərdən meyitlərin toplanmasına başlanıldı. 

Hadisələrin sonrakı inkişafı göstərdi ki, Azərbaycan o illərdə həqiqətən informasiya blokadasına alınmışdı.

Erməni diasporu və bu münaqişədə maraqlı olan xarici qüvvələrin birgə fəaliyyəti sayəsində Xocalı faciəsindən sivilizasiyanın xəbəri olmadı. Yalnız uzun müddət sonra Azərbaycanın haqq səsi dünyada eşidilməyə başladı. 

Məhz sonrakı illərdə görülən tədbirlər nəticəsində bir sıra ölkələrin parlamentləri və inzibati ərazi vahidləri Xocalıda baş verənləri soyqırımı kimi tanıdı. Hal-hazırda Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ-nin 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb.

Lakin bütün bunlara rəğmən Xocalı qətliamını törədənlər hələ də öz cəzasını almayıb.

Bu cinayətkarlar sırasında Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyan da var. Onlardan başqa daha 39 cinayətkar Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən axtarışa verilib. Ən pisi də odur ki, Azərbaycanın beynəlxalq axtarışa verdiyi erməni canilər bu gün də istədikləri ölkədə çox sərbəst şəkildə gəzib-dolaşırlar. 

Bu da dünyanın və böyük güclərin məsələyə ikili yanaşmasından qaynaqlanır. Təəssüflə deməliyik ki, dünyaya “ağıl öyrədən” və insan haqlarından “dərs deyən” Qərb istənilən məsələyə ancaq korporativ maraqlardan yanaşır.

Bir təsəllimiz var…

Xocalı cəlladları fiziki cəhətdən cəzalanmasa da şəhidlərimizin intiqamı alınıb. 15 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində müqəddəs üçrəngli bayrağımızı qürurla dalğalandırdı. Məhz həmin gün uzun illərin ağrı-acısı bir qədər azaldı. Məhz həmin gün şəhid xocalılıların narahat ruhu doğma ocaqlarına qayıtdı, rahatlıq tapdı. Məhz həmin gün xocalılar ilk dəfə sevinc göz yaşlarına boğuldu. 

Yəni bəşəriyyətin, konkret olaraq dünya ağalığı iddiasında olan Qərbin edə bilmədiyini Azərbaycan xalqı, Azərbaycan dövləti və onun Müzəffər Ali Baş Komandanı çox qısa zamanda etdi. Dünyanın yadından çıxmış “ruhlar şəhəri” Xocalı yenidən dirçəlməyə başladı. 

32 ildən sonra xocalılılar nəhayət ki, öz doğma ocaqlarına qayıtdı, nisgillərinə, həsrətlərinə son verdilər. Artıq Xocalı sakinlərinin yaralıları qaysaq bağlayır. Nə xoş haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoydu, şəhər sakinləri ilə görüşdü. Hökümətin 2024-cü ildəki hədəfləri arasında xocalı sakinlərinin öz evlərinə qayıtmaları da var. 

Qaldı bir məsələ…

Xocalı qətliamında əli olanların ədalət məhkəməsinə çıxarılması. Artıq erməni cəlladlarının bəziləri Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında mühakimə olunacaqları günü gözləyirlər. Digər cəlladların da ədalətə təslim ediləcəyi gün heç də uzaq deyil. O günü yaxşınlaşdırmağa Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin gücü və qüdrəti var.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO