General-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində növbəti xidməti müşavirə keçirilib.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müdafiə naziri yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra andiçmə mərasimində, eləcə də qardaş ölkəyə rəsmi səfəri zamanı fevralın 19-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata birgə bəyanatlarda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən səsləndirilən fikirlərin Azərbaycan Ordusuna verilən yüksək qiymət, eyni zamanda, ordumuzun inkişafı ilə bağlı qarşıya qoyulan mühüm tapşırıqlar olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
General-polkovnik Z.Həsənov Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunda hərbi təhsil, silahlanma, təminat-təchizat və digər istiqamətlərdə aparılan uğurlu islahatların gedişatından danışıb və bu işlərin bundan sonra da mərhələli şəkildə davam etdirilməsinin vacibliyini qeyd edib.
Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib, məruzələr dinlənilib.
2024-cü ildə Azərbaycanda, Türkiyədə və digər ölkələrdə keçirilməsi planlaşdırılan birgə təlimlərin şəxsi heyətin təcrübə mübadiləsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, qoşunların döyüş hazırlığının daha da yüksəldilməsinə müsbət təsir edəcəyi xüsusi vurğulanıb.
Müdafiə naziri Azərbaycan Prezidentinin Sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiya prosesinə həssaslıqla yanaşılması, xidmət dövründə şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məsələlərinin diqqət mərkəzində saxlanılması və xidmət müddətini başa vurmuş gənclərin yola salınması ilə bağlı göstərişlər verib.
General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, eləcə də çətin relyefli, sərt iqlim və dağlıq ərazilərdə təminat yollarının, rabitə və kommunikasiya xətlərinin daima işlək vəziyyətdə saxlanılmasının və təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Nazir tərbiyəvi və ideoloji işin planlı şəkildə aparılması, mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi, həmçinin hərbi intizamın daim yüksək səviyyədə saxlanılması ilə bağlı tələblərini komandir heyətinin diqqətinə çatdırıb.
Sonda bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da artırılmasına xüsusi diqqətin yetirilməsi, eləcə də 2024-cü ildə qarşıda duran digər vəzifələrin yüksək keyfiyyətlə icrası ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə göstərişlər verilib.
Bizim.Media