“Valideyn övladının məktəbdə bilik qazanmasını istəyirsə, ona bahalı TELEFON ALMAMALIDIR” – AÇIQLAMA 

“Valideyn övladının məktəbdə bilik qazanmasını istəyirsə, ona bahalı TELEFON ALMAMALIDIR” – AÇIQLAMA 

Hazırda oxunan: “Valideyn övladının məktəbdə bilik qazanmasını istəyirsə, ona bahalı TELEFON ALMAMALIDIR” – AÇIQLAMA 

179535

“Hazırda məktəbə telefon gətirməklə bağlı qadağa yoxdur. Amma bu məktəbin daxili qaydası ilə həyata keçirilə bilər”.  

Bunu ötən il keçirilən brifinqlərin birində Elm və təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə telefon şagirdin şəxsi əmlakıdır: 

“Bəli, dərs zamanı telefondan istifadə etmək olmaz. Amma məktəbə gətirilməməsi ilə bağlı qayda və norma işlənməlidir. Gələcəkdə məktəbə telefon gətirilməsi qadağan oluna bilər. Amma indiki halda bu, mümkün deyil”, - deyə nazir əlavə edib. 

Elm və təhsil naziri dərs zamanı telefondan istifadənin yolverilməz olduğunu desə də, müəllimlərin ən çox üzləşdiyi problemlərdən biri budur. Çünki əlində smartfon olan şagirdin fikrini dərsə yönəltmək çətindir. 

Bu mövzu ilə bağlı müzakirələr kifayət qədər çox aparılır. Əksəriyyət şagirdlərin məktəbə smartfonla gəlməsini doğru hesab etməsə də, bəziləri bunu dövrün tələbi kimi qiymətləndirirlər. 

Bəs, şagirdlərə telefon lazımdır, yoxsa təhsil?

Təhsil üzrə ekspert Nadir İsrafilov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

Ekspert qeyd edib ki, məktəb təlim-tərbiyə almaq yeridir, telefonla əylənmək yeri deyil: 

“Telefon məsələsinə nə qədər tez və konkret aydınlıq gətirilsə, məktəbin, müəllimin nüfuzunun sarsılmasına da bir o qədər tez son qoyular. Yüksək texnologiyaların inkişafı, qloballaşma telefondan imtinanı mümkünsüz edir, ancaq şagirdlərin məktəbə telefonla gəlməsi təhsilin keyfiyyətinə mənfi təsir göstərir. 

Məktəbdə hərənin əlində bir telefon var, biri oyun oynayır, o biri şəkil çəkir, digəri başqa bir işlə məşğul olur. Telefon qadağası əleyhdarları isə fərqində deyillər ki, bu, təhsilin səviyyəsinə, onun keyfiyyətinə nə dərəcədə mənfi təsir göstərir?! Ən dəhşətlisi isə odur ki, belə hallar özünü təkcə şagirdlər arasında yox, artıq həm də müəllimlər arasında göstərməyə başlayıb.

Dünyanın aparıcı ölkələrində belə bir təcrübə var ki, məktəblərin girişində telefonlar yığışdırılıb bir qutuya qoyulur, dərslər bitəndən sonra isə şagirdlərə qaytarılır. Bunun üçün xüsusi bir vəsaitin ayrılmasına da ehtiyac yoxdur. 
Təkzib olunmaz faktdır ki, qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə elementlərinin ötürücüsü kimi məktəb faktorunu böyük ölçüdə arxa plana keçirib”.

Eskpert əlavə edib ki, valideyn övladının məktəbdə bilik əldə etməsini istəyirsə, ona diqqət yayındıran alətlər alıb verməməlidir: 

“Uşaqla əlaqə qurmaq üçün çoxfunksiyalı bahalı telefon əvəzinə 60-80 manatlıq sadə telefon da almaq olar. Şagird məktəbə bilik əldə etmək üçün gəlir. Valideyn də buna mane olan addımlar atmamalıdır. Belə bir müdrik kəlam var: “Tərbiyə ailədən başlayır. Övladlarınıza puldan çox əxlaq verin”. Bu məsələ neçə illərdir ki, gündəmin əsas məsələlərindən biridir.

Ümumiyyətlə, məktəbdə telefonun istifadə edilib-edilməməsi illərlə müzakirə olunsa da, hələ də açıq qalır. Bəziləri hesab edir ki, telefon şagirdin şəxsi mülkiyyəti və valideynlə danışıq vasitəsidir. Amma bununla bağlı dünya təcrübəsi var və ayrı-ayrı ölkələrdə öz həllini tapıb.

Düzdür, kimilərsə hesab edir ki, şagirdlərdə telefonun olması və onların şəkil və ya video çəkib yayması şəffaflıq yaradır və neqativlərimizi üzə çıxarır. Amma bu, problemə yanlış yanaşmadır.

Çünki sual yaranır ki, məktəbi və müəllimi nüfuzdan salan videolar, şəkillər bizə lazımdırmı? 

Digər tərəfdən məsələ təkcə şəkil və ya video çəkməklə də bitmir. Telefondan istifadə edən şagirdlərin əksəriyyəti dərsdən yayınır və müəllimi yaxşı dinləyə bimirlər. Bu da təhsilin keyfiyyətinə təsir edir. Ümumiyyətlə, bu məsələ ilə bağlı valideynlər arasında da maarifləndirmə işləri aparılmalıdır. 
Çünki valideynlər bilməlidir ki, uşaqları ilə əlaqə saxlamaq üçün yalnız danışıqda istifadə olunan telefonlar var. Yəni şagirdin 3-5 min manata alınan çoxfunksiyalı telefona ehtiyacı yoxdur. Digər tərəfdən, bəzi uşaqlar məktəbdə telefonlarını nümayiş etdirirlər. Bu da şagirdlər arasında sosial bərabərsizlik yaradır”.

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO