Energetika Nazirliyi Qarabağın enerji potensialını açıqladı

Energetika Nazirliyi Qarabağın enerji potensialını açıqladı

Hazırda oxunan: Energetika Nazirliyi Qarabağın enerji potensialını açıqladı

1793

Qarabağ ərazisi bərpa olunan enerji resursları ilə zəngindir. Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25%-i, yəni ildə təqribən 2,560 mlrd. kubmetr su ehtiyatları bu ərazidə formalaşır.

Azərbaycan Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, regionun Tərtər, Bazarçay (Bərgüşadçay), Həkəri kimi əsas çayları və digər kiçik çayları böyük su enerji potensialına malikdir. Bunların bir hissəsindən sovet dövründən istifadə olunur, lakin xeyli hissəsindən gələcəkdə istifadə etmək mümkün olacaq.

Məlumata əsasən, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində üç iri su elektrik stansiyası mövcud olmuşdur ki, bu stansiyalardan biri “Tərtər” SES 1976-cı ildə Tərtər rayonu ərazisində, Tərtərçayın üzərində Sərsəng su anbarı ilə birgə inşa edilib.

Stansiya hər birinin gücü 25 MVt olan 2 hidroaqreqatdan ibarətdir. Bəndinin hündürlüyünə görə (125 metr) Sərsəng ölkədə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 125 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. 1990-cı ildə stansiyanın il ərzində istehsal etdiyi elektrik enerjisi 81,9 mln. kVt-saat olub. Stansiya 1993-cü ildən işğal altındadır.

Kompleksə lazımi texniki xidmətin göstərilmədiyini, istifadə olunan avadanlıqların köhnəldiyini nəzərə alaraq, ilk növbədə, onun texniki vəziyyətinin qiymətləndirilməsinə daha sonra isə bərpa işlərinin aparılmasına ehtiyac olacaq.

Məlumatda qeyd olunur ki, regiondakı digər mühüm enerji obyektləri “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarıdır. Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal-qərbdə yerləşən “Xudafərin” Su Elektrik Stansiyası layihəsinin ərazisi 1992-ci ildən Cəbrayıl rayonunun işğalı nəticəsində Ermənistanın nəzarəti altına düşmüş və stansiyanın Azərbaycan tərəfdən tikintisi dayandırılıb. Lakin stansiyanın İran tərəfdən tikintisi davam etdirilib.

“Əlavə etmək lazımdır ki, stansiyanın Azərbaycan tərəfində hər birinin gücü 50 meqavata bərabər olan 2 hidroaqreqatdan ibarət olması planlaşdırılır. Araz çayı üzərində tikintisi nəzərdə tutulmuş “Qız Qalası” Su Elektrik Stansiyasının isə hər biri 20 MVt olan 2 hidroaqreqatdan ibarət olacağı planlaşdırılır və stansiyanın İran tərəfindən tikintisi davam etdirilir”, - nazirlikdən bildirilib.

“Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanmışdır, "Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istifadəsi iki ölkə arasında 2016-cı ildə imzalanmış sazişlə tənzimlənir.

2020-ci ilin oktyabr ayında Cəbrayıl rayonunun işğaldan azad edilməsi, İran İslam Respublikası ilə dövlət sərhədinin tam nəzarətə götürülməsi “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları üzərində elektrik stansiyalarının inşasının başa çatdırılması baxımından da çox önəmli bir hadisədir.

Bu layihələr həm işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin edilməsində, həm də suvarılmasında xüsusi rol oynayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO