Son zamanlar sosial şəbəkələrdə şagirdlərin davranışları ilə bağlı xoşagəlməz görüntülər yayılır. Yayılan görüntülər cəmiyyətdə geniş müzakirə olunur. İstər dərsin gedişini pozmaqla bağlı, istərsə də məktəb yoldaşına edilən bullinqlə bağlı görüntülərin yayılması bəzi şagirdlərin nizam-intizam qaydalarına riayət etmədiklərini ortaya çıxarır. Bəzi hadisələrin məktəbdən kənarda baş verməsi belə tədris ocağını, şagirdi məsuliyyətdən azad etmir.
Maraqlıdır, şagirdlərin davranışı necə, hansı qaydalarla tənzimlənir və şagird hansı halda təhsildən uzaqlaşdırıla bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elşən Qafarov hazırda məktəblərin idarə olunması ilə bağlı konkret qaydaların olmadığını deyib:
MÖVZU İLƏ BAĞLI:
Adı olub, özü olmayan məktəb psixoloqları - “Direktorlar onlara başqa iş tapşırır”
“Müstəqilliyimizin 33-cü ilindəyik. Hələ də indiyə qədər məktəb nizamnamələri qəbul edilməyib. Məktəblər nəyin əsasında, necə idarə olunur konkret qayda yoxdur. Hər bir məktəb təyin olunmuş məktəb direktorunun idarəetmə bacarığına görə idarə olunur. Təyin olunan direktorların böyük əksəriyyətinin də idarəetmə təcrübəsi olmadığına görə çox ciddi problemlərlə üzləşirik.
2023-cü ildə Elm və Təhsil Nazirliyi şagirdlərin davranış qaydalarını təqdim etdi. Amma bu qaydaların hansı ölkədən tərcümə olunduğunu biz bilmirik. Bizim yeni mühitə, mentaliletə uyğunlaşmırdı. Öncə 300 məktəbdə pilot kimi sınaqdan keçirilən layihə məktəblərdə hansı effekt verildiyini yoxlamadan ölkənin bütün məktəblərində guya tətbiq olundu.
Nəticə etibarı ilə o qaydalar elə kağız üzərində qalıb. Qaydaları pozan şagirdlərin evlərinə qırmızı, sarı, yaşıl və s. rəngdə məktublar göndərilirdi. Sonra etirazlar olduğu üçün həmin rəngli məktublar da guya ləğv olundu. Reallıqda o qaydalar bu gün məktəblərdə işləmir”.
Ekspert hesab edir ki, məktəb nizamnamələri ilə bağlı təkliflər yerlərdən gəlməlidir:
“Məktəblərdə bu gün baş verən hadisələrin ciddi səbəbləri var, bunlar araşdırılmalıdır. 2013-2014-ci illərdə müəyyən məsələlərlə bağlı məktəblərə mövzular göndərilirdi ki, məktəb kollektivi bununla bağlı öz təkliflərini göndərsin. Təkliflər mərkəzdə araşdırılırdı, sonra o dayandırıldı.
Konstitusiyanın 42-ci maddəsi təhsil hüququndan bəhs edir və maddənin birinci hissəsində göstərilir ki, təhsilin hər hansı pillə və səviyyəsindən məhrum edilməyə yol verilmir. Amma məktəblərin də nizamnaməsi olmadığına görə, şagirdlərin davranış qaydaları necə olmalıdır, bu qaydaları pozan şəxslərə qarşı hansı cəza tətbiq edilməli olduğunu bilmirik. Yaxud da bu qaydaları daha yaxşı yerinə yetirən şəxslərə hansı rəğbətləndirmə addımları olmalıdır bütün bunlar yoxdur.
Məktəblərimiz qaydalara əsasən idarə olunmadığına görə zaman-zaman ayrı-ayrı problemlər çıxır. Hansı addımların atılmalı olduğunu məktəb rəhbərləri, yerli və mərkəzi idarəetmə orqanları da bilmir”.
O, bu cür məsələləri tənzimləmək üçün nizamnamənin vacib olduğunu vurğulayıb:
“Vəziyyətdən çıxmaq üçün ilk növbədə məktəblərin tipinə və növünə görə fərdi nizamnamələr hazırlanmalıdır. Ölkədə 4431 məktəb var, bunun 32-i özəl, yerdə qalanı dövlət ümumitəhsil məktəbləridir. Növünə görə isə 14 növ məktəbimiz var.
Hər bir məktəbin növünə uyğun olaraq nizamnamə nümunələri hazırlanmalı və məktəblərə təqdim olunmalıdır. Həmin məktəblərin yerləşdiyi əraziyə, kontingentə, icmaya uyğun olaraq müəyyən dəyişiklik etməklə bunu qəbul etməlidirlər. Nizamnamələrə uyğun olaraq məktəb işçiləri, təhsil verənlər, valideynlər, şagirdlər idarə olunmalı və fəaliyyət göstərməlidirlər.
Övladını məktəbə gətirən valideyn ərizəsində məktəbin nizamnaməsi ilə tanış olduğunu və övladının məktəbdə oxuduğu müddətdə nizamnamənin tələblərinə əməl edəcəklərini qeyd etməlidir. Nizamnamədə konkret olaraq göstərilməlidir ki, nümunəvi davranışı ilə fərqlənən şagirdləri hansı rəğbətlənmə və ya qaydaları pozan şagirdləri hansı cəza gözləyir”.
Günay Şahmar, Bizim.Media