Unutqanlıq və ya yaddaş zəifliyi müasir dövrün ən çox yayılmış şikayətlərindən biridir. Müasir günümüzün gətirdiyi stress və həyat tərzi insanların sağlamlığında bir sıra problemlərə yol açır. Bəzən insan yaxın tarixi hadisələri, adları və s. unuda bilir. Bu kimi hallarla intellektual sahələrdə çalışan şəxslər daha çox rastlaşır.
Bəs bu əlamətlər hansı xəstəliyin xəbərçisi ola bilər?
Həkim-terapevt Rasif Bağırov Bizim.Media-ya bildirib ki, insan ürəyi, mədəsi və digər orqanları ağrıyanda onunla məşğul ola bilir, lakin unudur ki, beyni fasiləsiz şəkildə işləyir:
MÖVZU İLƏ BAĞLI:
Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT
“İnsan zaman-zaman əsəb, gərginlik yaşayır, yuxuya gedə bilmir və beləliklə, beyin hüceyrələri, neyronlar hər hansı bir başqa formalarda çox güclü şəkildə yorulur. İnsan beyni kompüter kimi bir şeydir. Kompüterdə bir şeyi axtarışa verəndə anında onu meydana çıxarır. Lakin insan beyni elədir ki, axtardığın adı və ya hansısa hadisəni sənə həmin dəqiqə təqdim etməyə bilir.
Çünki gərək beyin hüceyrələri o qədər sürətli işləyə ki, axtarıdığın şeyi sənin yadına sala bilsin. Beyin yorğunluğunu aradan qaldırmaq üçün müəyyən dərman preparatları var ki, mütəmadi olaraq intellektual işlə məşgul olan adam onları qəbul etməlidirlər ki, beyin hüceyrələri güclənsin”.
Rasif Bağırov qeyd edib ki, adların və yaxın tarixi hadisələrin yaddan çıxması elə də ciddi xəstəlik hesab olunmur:
“Bu, sadəcə neyronların çevikliyinin itməsinə görə olur. Lakin köhnə tarixləri xatırlayıb, lap yaxında baş vermiş hadisələri, evə getdiyi yolu, tanış insanları unutmaq artıq çox ciddi xəstəliyin – Altsheymerin (müalicəsi mümkün olmayan, neyrodegenerativ xəstəlik) əlamətləridir. Lakin istənilən halda, insan beyin gücünü, çevikliyini artırmaq üçün müəyyən dərman preparatlarından istifadə etməlidir ki, ciddi xəstəliklərlə üzləşməsin”.
Nuranə Daxilqızı, Bizim.Media