Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda keçən dəfə dindirilməsi yarımçıq qalan təqsirləndirilən Azər Səricanov suallara cavab verib.
Məhkəmədə Azər Səricanova Fazil Mustafanın hansı sözlərinin onun xoşuna gəlmədiyini soruşulub. O bildirib ki, burda oturanların günahı yoxdur:
"Burda oturanlara yön verən mən olmuşam. Silahlar da özümün olub. Fazil Mustafanın" facebook" sosial şəbəkəsində yazdıqları məni qəzəbləndirib".
Daha sonra A. Səricanovun ifadələrində ziddiyyət olduğu üçün ifadəsi elan olunub. Daha sonra təqsirləndirilən Rəşad Əhmədov ifadə verib. O, hadisə barədə danışıb:
"Mənim günahım Azərin verdiyi silahı saxlamışam. Burda olanlar içərisində təkcə Azəri tanıyıram. Onu məsciddən tanıyıram. Sonra onunla yağ satırdıq. Fazil Mustafaya qarşı nə isə ediləcəyi barədə xəbərim olmayıb. Tutulanda məndən Valeh İsmayılovu soruşurdular. O mənim uşaqlıq dostum olub. Sonra Suriyada müharibə olanda ora getdi. Ordan da İrana keçdi orda yaşayır.
Hadisədən qabaq Azər mənə silah verdi. Dedi saxla gəlib götürəcəyəm. Mən də sonra silahı Xəyyama verdim. O da Azərə verməli idi. Daha sonra telefonumda bəzi şəkillər vardı. Mənim əvvəldən pilot olmağa, hərbiyə marağım olub. Ona görə telefonda proqram vasitəsilə bəzi yerlərin fotoların çəkirdim. Bunun üçün xüsusi bir şeyə ehtiyac yoxdur. Hadisədən sonra Azərin tutulduğunu gördüm. Qorxub əvvəl İstanbula sonra da İrana getdim. 10 gün Qumda qalandan sonra Bakıya qayıtdım. Xəyyamdan soruşdum silahı nə etmisən dedi ki, dənizə atmışam".
Daha sonra təqsirləndirilən şəxs Rəşad Əhmədovun istintaqa verdiyi ifadə elan edilib. Növbəti məhkəmə baxış iclası martın 1-də keçiriləcək.
Qeyd edək ki, faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Bizim.Media