Əhmədin cinayətini lentə alıb, yayan qonşunu hansı CƏZA gözləyir? – Hüquqşünasdan AÇIQLAMA 

Əhmədin cinayətini lentə alıb, yayan qonşunu hansı CƏZA gözləyir? – Hüquqşünasdan AÇIQLAMA 

Hazırda oxunan: Əhmədin cinayətini lentə alıb, yayan qonşunu hansı CƏZA gözləyir? – Hüquqşünasdan AÇIQLAMA 

178344

Fevral ayının 13-də paytaxtda bir ailədə baş verən cinayət hadisəsinin, qətl anının lentə alınması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Baş verən ağır cinayəti qapının gözlüyündən lentə alan qonşunun hərəkəti sərt şəkildə qınanılıb. Onun kömək çağırmaq, hüquq-mühafizə orqanlarına xəbər vermək əvəzinə çəkiliş etməsi pislənilib. Lakin qonşunun polis orqanlarına xəbər verməsi də istisna olunmur.

Digər tərəfdən həmin görüntülərin mediada yayımlanması da etirazla qarşılanıb. Sosial şəbəkələrin məzmununa müdaxilə etmək mümkün olmasa da, mətbuatın öz qayda və prinsipləri mövcuddur. Hər bir media orqanının da o qaydalara əməl etmək öhdəliyi var.

Bəs qanun nə deyir? Operatorluq edən qonşunu və materialı dərc edən media orqanını hansı cəza gözləyir?

Vəkil Ruslan Vəliyev Bizim.Media-ya danışaraq məsələyə aydınlıq gətirib. Hüquqşünas deyib ki, cinayət hadisəsini lentə alan şəxs əgər hadisə barədə hüquq-mühafizə orqanlarına xəbər verdikdən sonra bunu edibsə, burada qanun pozuntusu yoxdur:

“Cinayət Məcəlləsinə əsasən cinayət barəsində məlumat verməməyə görə məsuliyyət var. Hər bir vətəndaşın vəzifəsidir ki, törədilən və yaxud da törədilməsi planlaşdırılan cinayət barəsində polis orqanlarına xəbər versin. Ona görə əgər vətəndaş hadisə barəsində məlumat vermirsə, bu, cinayət məsuliyyətinə səbəb olur.

Cinayət hadisəsinin video çəkilməsində hər hansı hüquq pozuntusu yoxdur. Əksinə istintaqın düzgün aparılması, ədalətin bərqərar olması üçün mühüm addımdır. Əgər o polisə müraciət edibsə, polis gələnədək hadisənin lentə alınması düzgün addımdır”.

Vəkil həmin görüntülərin mediada yayılmasının yox, polis orqanlarına təhvil verilməsinin qanunauyğun olduğunu vurğulayıb:

 “Sonradan o materialı polisə versəydi bu, qaydaya daha çox uyğun olardı. “Təqsirsizlik prezumpsiyası” var, gələcəkdə şəxsin məhkəmədə hər hansı səbəbdən bəraət almaq ehtimalı ola bilər və həmin şəxs video materialı yayımlayan şəxsin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı iddia qaldıra bilər.

Yəni şəxs barəsində məlumat yayıb, sonradan məlumat öz təsdiqini tapmayıb və yaxud təhrif olunmuş formada qiymət verilibsə, həmin şəxs barəsində məsuliyyət yarana bilər.

Vaxtında məlumat verilsə, yaxınlıqda polis əməkdaşları cinayətin qarşısını alıb, daha az itki ilə, digər şəxslərin də ölümünə səbəb ola bilməyən addımlar atıla bilərdi. Şəxsin polisə müraciət etmək, cinayətin qarşısını almaq əvəzinə onu lentə alması düzgün deyil. Birinci növbədə polisə müraciət edib, o gələnədək çəkiliş edə bilərdi. Ona görə də bu məsələlərə həssas yanaşılmalıdır.

Kütləvi informasiya vasitələrinin də öz qaydaları, tələbləri var. Yəni zorakılıq səhnələrinin yayılmaması və ya məhdud həddə yayılmasına görə tələblər mövcuddur. Bu tələblər yerinə yetirilmirsə, məsuliyyət yaranır”, - deyə hüquqşünas əlavə edib.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO