Son zamanlar qızılcaya yoluxanların və ölənlərin sayı durmadan artır. 2023-cü ildə qızılcaya 1493 nəfər yoluxub. Ondan əvvəlki, yəni 2022-ci ildə isə qızılcaya cəmi 1 nəfər yoluxub. Bunlar rəsmi rəqəmlərdir.
Ta qədimdən bu yana elmə məlum olan bu xəstəliyin uzun illərdir ki, vaksini də mövcuddur. Qızılca peyvəndi ilk dəfə 1963-cü ildə tətbiq edilib. 1968-ci ildə isə Maurice Hilleman və həmkarları tərəfindən daha zəiflədilmiş qızılca peyvəndi yaradılıb paylanmağa başlandı və ABŞ-da həmin ildən bəri istifadə edilən yeganə qızılca peyvəndi oldu.
MÖVZU İLƏ BAĞLI:
Uşaqları qızılcaya qarşı peyvənddən çəkindirən həkimlər KİMDİR? – Pediatrdan SƏRT REAKSİYA
Maraqlıdır, tibbi göstərişi, vaksini mövcud olan xəstəliyin yoluxuculuq qabiliyyəti niyə artır?
Həkimlər və səhiyyə qurumları bunun səbəbini valideynlərin uşaqlarına son on ildə peyvənd vurdurmaması ilə əlaqələndirsələr də, reallıq və rəsmi statistik rəqəmlər bunun əksini deyir.
Bizim.Media Dövlət Statistika Komitəsinin sorğumuza cavabı əsasında məsələni araşdırıb.
Məlum olub ki, Azərbaycanda nəinki qızılca, məxmərək və epidemik viruslara qarşı peyvəndlənmə göstəriciləri yüksəkdir. Açıqlamadan belə məlum olur ki, valideynlər heç də övladlarının peyvəndlənməsindən qaçmırlar.
İndi də rəsmi rəqəmlərə nəzər salaq:
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2022-ci ildə qızılca, məxmərək və epidemik parotitə qarşı 1-2 yaşlı uşaqların 92,6% -nə, 6 yaşındakıların isə 90,7%-nə peyvənd vurulub.
Qeyd edək ki, bir cəmiyyətdə peyvənd nisbəti 92%-dən çox olduqda, qızılca epidemiyaları artıq baş vermir. Ancaq peyvənd nisbəti azalarsa, təbii ki, bu, təkrarlana bilər.
Əvvəlki illərin peyvəndlənmə faizlərini təqdim edirik:
Qızılca, məxmərək və epidemik parotitə qarşı 2021-ci ildə 1-2 yaş uşaqların 93,2%-nə (6 yaş – 89,9%), 2020-ci ildə 82,3% (6 yaş – 78,9%), 2019-cu ildə 97,5% (6 yaş – 96,6%), 2018-ci ildə 1-2 və 6 yaşındakı uşaqların 96%-nə, 2017-ci ildə 97,6% (6 yaş – 97%), 2016-cı ildə 97,5% (6 yaş – 97,7%), 2015-ci ildə 98,1% (6 yaş – 97,9%), 2014-cü ildə 98,1% (6 yaş – 98%) və nəhayət, 2013-cü ildə 98,1%-nə (6 yaş – 98,4%) peyvənd tətbiq olunub.
Bu onu göstərir ki, son on ildə uşaqların 93%-dən çoxu qızılcaya qarşı birinci və ikinci doza vaksin olunublar. Demək ki, qızılcaya qarşı peyvəndlənmə ilə bağlı vəziyyət səhiyyə qurumlarının bəyan etdikləri kimi acınacaqlı deyil.
Qızılcanın bu qədər geniş yayılması isə iki ehtimaldan xəbər verir. Ya bu virusun forması və xassəsi dəyişib. Ya da daha çox uşaqlar arasında vüsət alan virus koronavirusun mutasiyaya uğramış təhlükəli formasıdır. Səpki ilə müşahidə olunduğuna görə qızılca kimi qələmə verilir.
Nuranə Daxilqızı, Bizim.Media