“Ermənistan Silahlı Qüvvələrinin ikinci Qarabağ müharibəsi zamanı Rusiyanın “İsgəndər” əməliyyat-taktiki raket sistemindən istifadə edib-etməməsi məsələsi münaqişə bitdikdən sonra bir neçə ay müzakirə olundu. Müxtəlif fikirlər səsləndirildi, lakin bu mövzuda dəqiq məlumat tapılmadı”.
Bizim.Media xəbər verir ki, bu ifadələr Sergey Petrovun “Rosbalt” nəşrində “İxtilaf yaradan “İsgəndər”lər” adlı məqaləsində yer alıb.
Məqalə müəllifi qeyd edir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) faktiki dəlillər (işarələnmiş raket parçaları) təqdim etməklə bu raketlərin istifadəsi ilə bağlı sualları aradan qaldırdı, digər tərəfdən bu, yeni və daha mürəkkəb problemlər ortaya çıxardı.
“Hər şey Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanla başladı. Fevral ayının ortalarında yerli telekanala verdiyi müsahibədə ona belə sual verildi: niyə erməni ordusu Rusiyanın “İsgəndər”lərini yalnız müharibənin son günlərində Şuşada istifadə edib?
“Niyə bu raketləri aldıq? Doğru zamanda istifadə etməmək üçün? Hesab edə bilərəm ki, cavabdan qorxdular. "İsgəndər”lər bizimdir və müttəfiq bu cür silahları yalnız bizə verib” deyə Sarkisyan qeyd edib.
Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın buna cavabı çox kecikməyib və məsuliyyəti sələfinin üzərinə qoyub:
“O, (Sarkisyan nəzərdə tutulur) suallarının çoxunun cavabını bilir. Niyə “İsgəndər”lər vaxtında partlamayıb və yaxud 10% partlayıb. Buna cavab verməlidir” deyə məqalə müəllifi yazır.
Sergey Petrov xatırladır ki, Ermənistan Baş Qərargahının keçmiş başçısı Movses Akopyan Paşinyanın “İsgəndər”lərdən istifadə edildiyi barədə dediklərini təsdiqləyib, lakin onun fikrincə, raketlərin partlamasında heç bir problem olmayıb. “İsgəndər”lə bağlı heç bir problemimiz yox idi. Bu şəxsin açıqlamalarını başa düşmürəm” (Paşinyan nəzərdə tutulur), deyə Akopyan bildirib.
Baş Qərargahın keçmiş başçısı əlavə edib ki, bunun gücünü yalnız düşmən hesablaya bilər. "Bilirəm ki, düşmənə raket atılıb" deyə Akopyan qeyd edib.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanla məxfi söhbətə istinad edərək, tanınmış rusiyalı media meneceri Aram Qabrelyanov müharibə zamanı “İsgəndər”in istifadəsi barədə danışıb.
Onun sözlərinə görə, guya Qasparyan Azərbaycanın neft kəmərinə bu raketlərlə zərbə vurmağı təklif edib, lakin Paşinyan beynəlxalq birliyin mənfi reaksiyasından qorxaraq imtina edib. Eyni zamanda, Qabrelyanovun sözlərinə görə, Rusiya bu raketlərin istifadəsinə səssiz razılıq verib.
“Ruslar açıq şəkildə dedilər ki, bu, sizin müharibəniz və sizin işinizdir. Şuşanın süqutundan üç gün əvvəl Paşinyandan Şuşanın ətəyində toplanan düşmənin çox sayda canlı qüvvəsinə iki “İsgəndər”lə vurmaq üçün icazə istədim. Paşinyan bir anda bir neçə min düşmən əsgərini öldürdüyümüzə görə dünya ictimaiyyətinin bizi qınayacağını dedi. Yalnız bir dəfə mənə “İsgəndər”dən istifadə etməyə icazə verildi, bu dəfə Şuşa şəhərinə. Mən o raketi Şuşaya atdım”, deyə Qabrelyanov Ermənistanın Baş Qərargahının o zamankı rəisindən sitat gətirib.
Nəşr qeyd edir ki, Paşinyanla sensasiyalı müsahibədən sonra Rusiya Müdafiə Nazirliyi “İsgəndər”in müharibə zamanı istifadəsi barədə məlumatları təkzib edib.
“Lakin Azərbaycan tərəfinin təqdim etdiyi faktlar Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumatların natamam olduğunu göstərir və Paşinyanın ilkin versiyasını təsdiqləyir: bir raketdən (və ya bir neçəsindən) istifadə olunub, lakin partlayış o qədər də effektli olmayıb”, deyə Sergey Petrov vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:34 / 13.04.2021
Ermənistan Azərbaycanın neft kəmərlərini “İsgəndər”lə vuracaqdı - Rusiya mətbuatı
Hazırda oxunan: Ermənistan Azərbaycanın neft kəmərlərini “İsgəndər”lə vuracaqdı - Rusiya mətbuatı
Hazırda oxunan: Ermənistan Azərbaycanın neft kəmərlərini “İsgəndər”lə vuracaqdı - Rusiya mətbuatı
17746
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.