Əməkdar artist Nigar Şabanova sənət yolundan söz açıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Danışır musiqi” verilişində bildirib ki, uşaq yaşlarından musiqiyə böyük həvəsi olsa da, anası bu istəyinə sərhəd çəkib.
Nigar bildirib ki, anası onun müğənni olmasını istəməyib:
“Məktəbdə oxuduğum illərdə musiqi müəlliməm Səidə xanım mahnıların birini oxuduğum zaman dedi ki, çox gözəl səsin var, sən məktəbdə keçirilən konsert zallarında çıxış edə bilərsən. Müəllimlər məni hər zaman ön sıralarda otuzdururdular. Deyirdilər ki, sənə baxanda ürəyimiz açılır, gəl, ön cərgədə otur.
Anam isə məni gəşəng geyindirirdi. Günlərin bir günü anama söylədim ki, mən müğənni olmaq istəyirəm. Hamının valideyni kimi mənim də anam söylədi ki, evdə müğənnimiz əskik idi. Anam müğənni olmağıma qətiyyən razı deyildi. Ərköyün qız idim, buna görə də gizlincə bayram tədbirlərində oxumağa başladım.
Müəllimlərdən biri anam iclasa gələndə deyib ki, Nigar Novruz bayramı tədbirində oxudu. Çox gözəl ifa etdi və yaxşı istedadı var.
Beləcə bu məsələ gedib anamın qulağına çatdı. Anamın gözündən qaçmağa çalışsam da, evdə məni cəzalandırdılar. Hər bir ailənin böyüyü olduğu kimi mən də babama şikayət etdim ki, anam mənim oxumağıma icazə vermir. O da söylədi ki, bir şərtlə sənə icazə verərik ki, əgər sən Səkinə İsmayılova kimi qolu uzun geyinəcəksən, ədəb və ərkanla, əlində qavalla xanəndə olacaqsan. Uşaq vaxtı heç muğamı dərk etmirdim.
Heç muğam oxumağı istəmirdim. Amma yaxşı ki, muğam oxumuşam və böyüklərin sözünü dinləmişəm. Sonradan valideynlərim məni Xalq artisti Siyavuş Kərimlinin yanına gətirdilər. O söylədi ki, Nigar çox istədadlıdır və ondan çox gözəl müğənni olacaq.
Bir müddətdən sonra Bülbül adına orta ixtisas məktəbinə getdim. Orada dəyərli ustadım Qəzənfər Abbasov müəllimim oldu. O çox hökmlü bir insandır. Qəzənfər Abbasov muğamı mənə sevdirdi. Mən çox istəyirdim ki, estrada ifaçısı olum. Amma yaxşı ki, xanəndə oldum. Az yaşım olanda yalnız rus mahnılarını ifa edirdim. Qanım da ora çəkir...”
Rəşad Əliyev, Bizim.Media