“Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş qalib dövlətdir. Ona görə də belə cəhdlərlə Avropa Şurası öz Parlament Assambleyasının dəyərlərinə, mövcudluğuna, təsir imkanlarına, Avropada və dünyadakı nüfuzuna ciddi zərbə vurdu. Belə bir təşkilatın daxilində danışıq aparmaq, dialoq qurmaq, mövcud vəziyyəti izah etmək mümkün deyil. Ona görə də bu gün nümayəndə heyətimizin yekdil qərarı ilə AŞPA-da fəaliyyətimizi dayandırırıq. Hesab edirik ki, bu, ölkəmizlə başqa dillə danışmaq istəyən ölkələrə, dairələrə ciddi siqnaldır. Azərbaycan qalib ölkədir, sözü haqdır. Azərbaycanın sözü eşidiləcək, dinləniləcək və nəzərə alınacaq”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı DAYANDIRDI
O qeyd edib ki, nümayəndə heyətimiz AŞPA-ya yenidən qayıtmaq məsələsi barədə düşünəcək.
Bu təşkilatda mövcud ab-hava dəyişməsə, insanlığa qarşı ritorika gündəlikdən çıxarılmasa, təşkilat ikili standartlara, islamofob, türkofob, azərbaycanofob münasibətlərə son qoymasa, bu, mümkün olmayacaq.
“Normal münasibətin şahidi olmasaq, qalib Azərbaycana layiqli münasibət göstərilməsə, nümayəndə heyətimiz öz mövqeyində qalacaq”, - deyə S.Seyidov qeyd edib.
Bizim.Media