Perunun yeni səfiri etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdi - FOTO/VİDEO

Perunun yeni səfiri etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdi - FOTO/VİDEO

Hazırda oxunan: Perunun yeni səfiri etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdi - FOTO/VİDEO

172347

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sezar Auqusto de las Kasas Diasın etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Sezar Auqusto de las Kasas Dias Peru Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Səfir ölkəsinin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə daim sadiq olduğunu və buna xüsusi əhəmiyyət verdiyini qeyd edib, bu xüsusda Perunun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Peru Prezidentinə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Azərbaycanın da dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə daim böyük əhəmiyyət verdiyini, ölkələrimizin Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlıq etdiyini məmnunluqla vurğulayıb.

Beynəlxalq hüququn prinsiplərinin eyni zamanda Qoşulmama Hərəkatının əsas prinsipləri olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin 4 ildir bu hərəkata fəal şəkildə sədrlik etdiyini deyib, ölkələrimizin bundan sonrakı illərdə də bu mühüm beynəlxalq institutun önəminin daha da artırılması istiqamətində birgə səylər göstərəcəyinə ümidvarlığını bildirib.
Azərbaycan Prezidenti, həmçinin digər beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də beynəlxalq hüququn fundamental prinsiplərinin hökm sürməsi istiqamətində birgə fəaliyyətlərinin davam etdirilməsinin də zəruriliyini qeyd edib.

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, ölkəmizin 30 ildən çox idi Ermənistan tərəfindən sərhədlərinin pozulduğunu və torpaqlarının işğal olunduğunu deyən dövlətimizin başçısı Azərbaycanın beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa uyğun olaraq gücdən istifadə edərək ədaləti özünün bərpa etdiyini vurğulayıb.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir xüsusilə Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar nəzərə alınaraq bu sahədə əlaqələrimizin inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Səfir ölkəsinin arxeologiya və mədəniyyət abidələrinin qorunması sahəsində təcrübəyə malik olduğunu deyərək, bu istiqamətdə də əməkdaşlıq imkanlarının mövcudluğunu qeyd edib.

Söhbət zamanı Azərbaycan ilə Peru arasında ticarət dövriyyəsinin artırılmasının, iqtisadi münasibətlərin fəallaşdırılmasının vacibliyi qeyd edildi, bu xüsusda iki ölkənin biznes dairələri arasında əlaqələrin yaradılmasının zəruriliyi bildirilib.
Görüşdə sərmayə qoyuluşu və qarşılıqlı maraq doğuran investisiya layihələrinin müəyyən edilməsinə, bu xüsusda ölkələrimizin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinə dair fikir mübadiləsi aparılıb.
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO