Balakən şəhərindən Hənifə kəndinə gedən istiqamətdə yerli sakinlərin dörd yol adı verdikləri bir yer var. İki küçənin kəsişməsindəki sərt döngə burada yaşayan sakinlərin kabusuna çevrilib desək, yanılmarıq.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hərəkətin intensiv olduğu bu küçələrdə tez-tez qəzaların baş verməsi bir yana, sakinlər, xüsusən azyaşlılar və qocalar küçəni keçməkdə çətinlik çəkirlər.
Qəzaların bitmədiyi yer
Balakən şəhərinin Füzuli küçəsində sürət həddi 50 km/saat göstərilisə də Hənifə kəndi istiqamətdə hərəkət edən nəqliyyat vasitələri bu qaydaları gözləmir. Küçənin sonundakı sərt döngədən sonra isə Nəsimi küçəsi başlayır ki, əsl həngamə də, problem də buradan qaynaqlanır.
Deyilən ünvana çatmaq üçün şəhərin mərkəzində yerləşən küçələrin adlarını divarlarda axtarsaq da tapa bilmirik. Küçə boyu soraqlaşaraq ünvana çatırıq. Bir qədər vizual müşahidə apardıqda məlum olur ki, sakinlər niyə və nədən narahatdır.
Çünki Füzuli və Nəsimi küçələri sərt bir döngədə kəsişir. Burada hərəkət məhdudiyyətini bildirən yol nişanları olmasına baxmayaraq, avtomobillər çox sürətlə şütüyürlər. Sakinlər bildirir ki, burada bu səbəbdən tez-tez qəzalar baş verir.
Küçənin ən qocaman sakinlərindən biri Kiçiliyev Canoyev şəhərin ən qaynar nöqtəsində yaşadıqlarını və tez-tez qəzaların baş verdiyini bildirir. Dəfələrlə məsələ qaldırılsa da qurumların bir-iki yol nişanı vurmaqla kifayətləndiklərini bildirirlər.
Digər sakin Bəsti Ramazanova da eyni problemi yaşadıqlarını, xüsusən ahıl və uşaqların küçədə hərəkət etməkdə, bir tərəfdən digərinə keçməkdə çətinlik çəkdiklərini diqqətimizə çatdırır.
Məsələ ilə əlaqədar Balakən rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirdilər ki, şəhər üzrə nümayəndə Telman Bayramov bizimlə əlaqə saxlayacaq.
Sakinlərlə xeyli müddət şəhər nümayəndəsini gözləsək də gələn olmadı. Daha sonra Telman Bayramovun mobil telefonuna zəng etdik, cavab verən tapılmadı. Sakinlərin müraciətlərinə biganə münasibət elə buradan aydın göründü.
Mövzunu diqqətə saxlayacağıq.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
11:40 / 26.12.2023
Qəzaların bitmədiyi YER – Balakəndəki sərt döngə nə vaxt QAYDAYA SALINACAQ? – FOTO
Hazırda oxunan: Qəzaların bitmədiyi YER – Balakəndəki sərt döngə nə vaxt QAYDAYA SALINACAQ? – FOTO
Hazırda oxunan: Qəzaların bitmədiyi YER – Balakəndəki sərt döngə nə vaxt QAYDAYA SALINACAQ? – FOTO
170807
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.