“ABŞ ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsinə əsas səbəb, Bakının Xankəndinə nəzarətini bərpa etməsindən sonra orada yaşayan ermənilərin Qarabağdan kütləvi şəkildə getməsi olub”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, politoloq Pol Qobl deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanla əməkdaşlığa xitam verilməsi ABŞ-ın maraqlarına ziddir - Dövlət Departamenti
“İlham Əliyev müdrikcəsinə Xankəndini azad etdi”
ABŞ-Azərbaycan münasibətlərindəki gərginliyi şərh edən siyasətçi, Xankəndinin azad edilməsini münasibətlərin korlanmasına əsas səbəb kimi görür:
“Prezident İlham Əliyev çox müdrikcəsinə Xankəndini işğaldan azad edib. O, 44 günlük müharibəni uzatmadı. Çünki bu, ermənilərin daha əvvəl köç etməsinə səbəb olardı.
Son antiterror tədbirlərindən sonra isə bütün Amerika televiziyası və rəsmiləri ermənilərin bölgədən köçməsinə reaksiya verdilər. ABŞ-ın Azərbaycana qarşı siyasətində dəyişikliyin erməni lobbisinin fəaliyyətinin nəticəsi olduğunu düşünənlər yanılırlar. Dəyişikliyi yaradan məhz Qarabağ məsələsi ilə bağlı ABŞ KİV-ində yayımlanan materiallar oldu”.
“Azərbaycan hər zaman Zəngəzur dəhlizinin reallaşmasını istəyəcək”
Pol Qobl ABŞ və Rusiyanın maraqlarının toqquşduğu Zəngəzur dəhlizinin necə reallaşa biləcəyi ilə bağlı da fikirlərini bölüşüb:
“İnanıram ki, Azərbaycan hər zaman Zəngəzur vasitəsilə Naxçıvana etibarlı çıxış əldə etmək istəyəcək. İrandan keçməklə Naxçıvana çıxış imkanı qazanmaq yeganə seçim variantı deyil. Zəngəzur dəhlizinin reallaşması isə müəyyən zaman kəsiyində mümkün ola bilər. Bu, regionun inkişafı baxımından da önəmli layihədir”.
Tehran Orucoğlu, Bizim.Media