Geosiyasi şahmatın Ukrayna partiyası

Geosiyasi şahmatın Ukrayna partiyası

Hazırda oxunan: Geosiyasi şahmatın Ukrayna partiyası

16686

Son günlərdə dünyanın əsas diqqəti Ukraynanın Şərqinə yönəlib. Donetsk-Luqansk bölgəsində gərginliyin yüksəlməsi yeni müharibə ehtimallarını gündəmə gətirib. Ukraynanın Qarabağdakı əməliyyatların eynisini Donetsk-Luqansk üçün həyata keçirmək istəyində olduğu aydındır.

Çünki Rusiya ilə aparılan danışıqlar faktiki fayda vermir və münaqişənin uzun müddətli dondurulmuş problemə çevrilməsi da Ukraynaya sərf etmir. 

Qarabağ modelindən fərqli olaraq Ukraynanın münaqişədə əsas rəqibi birbaşa Rusiyadır. Donetsk-Luqanskdakı əhali də etnik olaraq hər hansı üçüncü millət yox, məhz ruslardır. Bu Rusiyanın bölgədə alternativ siyasi həmlələr keçirməsi üçün əlavə imkanlar yaradır. Yəni münaqişə dondurulmuş fazaya keçməsi Rusiyanın bölgədə daha da güclənməsi və bölgənin Ukraynadan qoparılması deməkdir.

ABŞ “fövqəldövlət” obrazını bərpa edə biləcəkmi?

Bu səbəbdən Ukrayna höküməti əlinə fürsət düşmüşkən problemi Qarabağ modelinə uyğun şəkildə hərbi yolla həll etməyi hədəfləyir. Bu fürsət isə ABŞ-dakı Bayden administrasiyasının Rusiyaya qarşı daha ciddi siyasi kursu ilə əlaqəlidir. Təsadüfi deyil ki, ABŞ müdafiə naziri Lloyd Ostin də Ukraynanın yanında olduqlarını və gərəkli dəstəyi verəcəklərini bildirib. Bununla yanaşı ABŞ-ın Avropa komandanlığı döyüş hazırlığı səviyyəsini yüksəldib.

Ukrayna rəsmiləri də hər hansı hərbi münaqişə ehtimalında ABŞ-ın köməkliyinə arxayın görünür.

Bu da Ukraynanı münaqişənin həlli ilə bağlı ardıcıl addımlar atmağa təşviq edən əsas məsələdir.

ABŞ rəhbərliyi də Ukrayna ilə bağlı məsələnin həllini Tramp administrasiyası zamanı ABŞ-ın itirilmiş mövqelərini yenidən qazanmaq üçün fürsət kimi dəyərləndirir. Əgər Şərqi Ukrayna ilə bağlı problem ABŞ-ın köməkliyi ilə öz həllini taparsa, ABŞ dünya siyasətində, xüsusilə də Çin kimi ciddi rəqiblər qarşısında fövqəldövlət nüfuzunu yenidən qazanmış olacaq. Ukraynada qazanılacaq hər hansı uğur ABŞ-ın Avropa üzərində nəzarət imkanlarını da əhəmiyyətli dərəcədə artıracaq. 

Bir sözlə Ukraynada növbəti günlərdə baş verəcək hadisələr və bu hadisələrin nəticəsi ABŞ-ın qlobal nüfuzu ilə birbaşa bağlıdır. Çünki ABŞ-ın Rusiyanı neyrallaşdıra bilməməsi təkcə rəqiblərinin yox, həm də Avropa, Uzaq və Yaxın Şərqdəki müttəfiqlərinin də gözündə güc itirməsi ilə nəticələnəcək.

Rusiya üçün “son imtahan”

Parallel olaraq Rusiya da həftələrdir ki, Ukrayna ilə sərhəddə zirehli texnikanın toplanmasını həyata keçirir. Bu addım Ukraynanın hərbi müdaxilə ilə bağlı hər hansı addımının qarşısını almaq üçün güc nümayişidir. 

İlk öncə onu qeyd edək ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli Rusiyaya sərf etdiyi kimi, Donetsk-Luqansk probleminin oxşar həlli Rusiyanın əleyhinədir.

Əgər Ukrayna öz ərazi bütövlüyünü hərbi yolla bərpa edərsə, bu Rusiyanın post-sovet məkanında gücsüz olduğunu göstərəcək. Bu Rusiyanın post-sovet məkanından tamamilə çıxarılacağı deməkdir. 

Rusiya hər zaman geosiyası təsir dairəsində mövcud olan problemlərin onun vasitəçiliyi olmadan həll olunmayacağını vurğulamağa çalışır. Bu baxımdan öz geosiyasi təsir dairəsində Qarabağ kimi ikinci təşəbbüsə imkan verəcəyi ehtimalı çox azdır. 

Digər tərfədən Rusiya Qərblə birbaşa hərbi toqquşma riskini gözə alıb Ukaynaya müdaxilə etməsi ehtimalı da çox azdır.

Belə olan təqdirdə Rusiya mümkün olduğu qədər Qərblə birbaşa toqquşmaya getmədən Donetsk-Luqansk bölgəsində Ukrayna üçün ciddi əngəllər yaratmağa çalışacaq.

“Cücə oyunu”

Görünən odur ki, mövcud problem həm Ukrayna, həm ABŞ, həm də Rusiya üçün önəmli dönüş nöqtəsidir. ABŞ və Rusiyanın qarşı qarşıya gələcəyi və bir tərəfin qalib olacağı ehtimalı olduqca təhlükəlidir. Çünki hər iki dövlət nufuzunun sarsılmasına imkan verməyəcək dərəcədə şanslarını tükədib. Bir sözlə geosiyasi şahmatın son partiyası artıq başlayıb.

Həm ABŞ, həm də Rusiya birbaşa toqquşma olmadan Ukrayna və separatçı rejimi silahlandırmağa davam edəcək. Rusiya əlindən gəldiyi qədər qondarma respublikaları ayaqda saxlamağa çalışacaq və toqquşma baş verərsə, Ukraynaya mümkün olduğu qədər hərbi və mülki zərər vurmağa çalışacaq.

Donetsk-Luqansk bölgəsində insanlıq faciəsinin yaşanmasına rəvac verməklə Rusiyanın da daxil olduğu sülhməramlı korpusun Şərqi Ukraynaya yerləşdirilməsi üçün çalışacaq.

Qərbin Ukraynanın Şərqində baş verəcəklər fonunda sona qədər gedib getməyəcəyi isə şübhəlidir.

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO