"Ağakərimin (Meyxanaçı Kərim Novruzov) vəziyyəti demək olar ki, yaxşı deyil. 7 ilə yaxındır ki, o, yataq xəstəsidir. Ağakərim nə otura, nə dura bilir. Çox çətinliklə danışır. Heç biz onun danışdığını başa düşə bilmirik. Ona salam verib, necəsən deyə sual verirəm, ancaq üzümə baxır...".
Bizim.Media xəbər verir ki, bu sözləri meyxana ustadı Ağamirzə Məmmədov qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.
60 yaşlı söz xiridarı bildirib ki, yataq xəstəsi olan həmkarı Ağakərimin qulluğunda övladları durur:
"Ağakərimə övladları baxır. Halal olsun onlara. Ağakərim insanları tanımır. O illər əvvəl insult keçirib. Şəkər xəstəsidir, təzyiqi var".
Ağamirzə digər həmkarı Xəyyamın da səhhətinin ağır olduğunu vurğulayıb:
"Xəyyamın da vəziyyəti yaxşı deyil. Onun ürəyində problem var. O günlərlə xəstəxananın reanimasiya şöbəsində yatdı. Həkim onu evə buraxdı. Sosial şəbəkə vasitəsi ilə ona görə müraciət də etdim ki, Xəyyama dəstək olsunlar. Digər meyxanaçılar da mənim müraciətimi sosial şəbəkə hesablarında paylaşıb, dəstək oldular. Xəyyamın çox gözəl səsi var. Onun 30-dan bir az artıq yaşı var. Xəyyam gözəl meyxanaçıdır və gözəl mahnıları da var".
Qeyd edək ki, meyxanaçı Xəyyam bir neçə gün əvvəl ürək şikayətləri ilə təcili xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır. O, 2018-ci ildə ürəyindən "anjua" olunmuşdu.
Rəşad Əliyev, Bizim.Media