İpəkçilik bütün dövrlərdə şəkililərin həyatında, məişətində özünəməxsus yer tutub. Şəki orta əsrlərdə nəinki Azərbaycanın, eləcə də Yaxın və Orta Şərqin ən böyük ipək istehsalçısı və toxuculuq mərkəzlərindən biri hesab olunurdu.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu qədim diyar öz ipəyi ilə bütün dünyada məşhurlaşmışdı.
Şəkili sənətkarların xam ipəkdən hazırladıqları al-əlvan kəlağayılar, zərif parçalar dünyanın bir sıra ölkələrinə ixrac olunurdu.
İpəkçilik üzrə mütəxəssis Qüdrət Quliyevin bildirdiyinə görə, Şəkidə kəlağayıçılığın çox qədim tarixi var. Bu sənət nəsildən-nəslə ötürülərək zəmanəmizə qədər gəlib çatıb. Azərbaycan qadınının, qız-gəlinlərin ismət, həya, xanımlıq simvolu sayılan kəlağayı müasir dövrümüzdə də öz dəyərini qoruyub saxlayır.
Müsahibimiz deyib ki, Şəki kəlağayısına tələbat həmişə yüksək olub. Əvvəllər kəlağayı şəhərdəki İpək Kombinatına məxsus kustar sexlərdə hazırlanırdı. Kəlağayıya olan tələbatı nəzərə alaraq 2002-ci ildə ipək kombinatının nəzdində ayrıca istehsal sahəsi – kəlağayı sexi yaradılır, şəhərdəki kustar sexlərin fəaliyyəti isə dayandırılır.
Mütəxəssisin sözlərinə görə, əvvəlki dövrlərdə kəlağayı yalnız bişirilib ağardılmış şəkildə, yəni naxış vurulmadan, boyanmadan xaricə satılırdı. O vaxtlar sexdə ay ərzində 20-30 min ədəd sadə kəlağayı istehsal olunurdu.
Bir müddət sonra şəhərdə boyaq-bəzək istehsal sahəsi yaradılır və artıq ipək kəlağayıların naxışlanmasına və müxtəlif rənglərlə boyanmasına başlanılır.
Şəkidə bu sənət nəsildən-nəslə ötürülür. Gülnarə Hüseynova da 40 ilə yaxındır ki, bu işlə məşğuldur, öz peşəsinin mahir ustadıdır. Gün ərzində 30-35 ədəd kəlağayıya naxış vurur.
Kəlağayının yeləni (haşiyəsi), xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbatı naxışlarla bəzədilir.
Naxış vurularkən taxta və dəmirdən hazırlanmış xüsusi qəliblərdən istifadə edilir. Son üç ildə qəliblər hazırlanarkən milli ornamentlərə, Vətən Müharibəsindən sonra isə xüsusilə Xarı Bülbül və Buta formasında olan naxışlara, həmçinin tac, gül, çiyələk formalı naxışlara üstünlük verilir.
Yeri gəlmişkən ölkəmizdə və Cənubi Qafqazda Şəki ipəkçiliyin mərkəzi sayılsa da bu qədim sənət növü İsmayıllının Basqal, Naxçıvanın Ordubad rayonlarında da bir zamanlar təşəkkül tapıb. Məlumatlara görə, elə şəkili ustaların həmin yerlərdə qurduğu emalatxanalarda sonradan yerli sənətkarlar bu işi davam etdirib.
Lakin son illər kəlağayı istehsalı sadəcə Şəkidə həyata keçirilir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri və fəaliyyəti nəticəsində 2014-cü ilin noyabrında Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra kəlağayıya olan maraq daha da artıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:23 / 26.11.2023
Bu gün Azərbaycanda kəlağayı günü kimi qeyd olunur - FOTO
Hazırda oxunan: Bu gün Azərbaycanda kəlağayı günü kimi qeyd olunur - FOTO
Hazırda oxunan: Bu gün Azərbaycanda kəlağayı günü kimi qeyd olunur - FOTO
166142
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.