Xankəndiyə köç BAŞLAYIR – Şəhər sakinləri doğma yurdlarına QAYITMAĞA HAZIRLAŞIRLAR? – SORĞU

Xankəndiyə köç BAŞLAYIR – Şəhər sakinləri doğma yurdlarına QAYITMAĞA HAZIRLAŞIRLAR? – SORĞU

Hazırda oxunan: Xankəndiyə köç BAŞLAYIR – Şəhər sakinləri doğma yurdlarına QAYITMAĞA HAZIRLAŞIRLAR? – SORĞU

165804

İşğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərin qayıdışı mərhələli şəkildə davam edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin açıqlamasına görə müxtəlif rayonlardan olan məcburi köçkünlərdən Xankəndinə köçməklə bağlı çoxsaylı müraciətlər gəlir.

Komitədən bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində, bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülmə aparılır. Buna uyğun olaraq, Xankəndi şəhərinə də həmin ərazidən olan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur.

Maraqlıdır, Xankəndinə köçlə bağlı müraciət edənlər varmı?

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidməti Departamentinin rəhbəri İbrahim Mirzəyev Bizim.Media-ya açıqlamasında əslən Xankəndidən olan sakinlərdən qayıtmaq üçün çox sayda müraciətin daxil olduğunu bildirib:

“Proses davam edir və yeni olduğu üçün hələki statistikası aparılmayıb. Kənardan şaiyələr yayılmışdı ki, digər rayonlardan olan insanlar da Xankəndinə köçürüləcək. Məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər. Əgər bir şəxs Laçındandırsa, o bilməlidir ki, yalnız Laçına qayıdacaq. Xankəndi şəhərinə ancaq Xankəndidən məcburi köçkün düşmüş şəxslər köçürüləcək. Yəni qayda belədir”.

Bizim.Media Xankəndidə doğulmuş, yaşamış, hazırda paytaxtda yaşayan və fəaliyyət göstərən şəxslərlə əlaqə saxlayıb. Onların bundan sonra Xankəndi ilə bağlı planlarını öyrənib.

Şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, sabiq deputat Flora Qasımova şəhərdən çoxdan çıxsa da ora qayıtmaq arzusundadır:

“Bir çox Xankəndi sakini Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə gedib, sənədlərini təqdim ediblər. Hələ ki mən ərizə yazmamışam, amma mütləq gedəcəyəm. Orada atamın evi vardı, qardaşımgil də müraciət ediblər. Evimiz durur, şəklini göndərmişdilər.

Xankəndililər ancaq Xankəndini, öz doğma evlərini istəyirlər. Məsələn, Şuşa alınanda mən onlara dedim ki, Şuşa alınıb, gedib orada yaşayarsınız. Dedilər ki, yox, biz Xankəndini istəyirik. Xankəndi çox təmiz, gözəl şəhərdir. Orada universitetin binasını da göstərdilər. Universitet, kollec və açılan iş yerləri yaxın rayonları da cəlb edəcək.

Bir az gözləmək lazımdır. Ermənilərin üzündə abır-həya olsa, heç gəlməzlər. O torpaqlar bizim üçün müqəddəsdir. Ora getməmək olarmı?! Hətta qonşu rayonlardan da ora getmək istəyənlər var. Hələlik Xankəndidə evi olub, orada yaşayanlar gedəcəklər”.

Azərbaycan Dövlət iqtisad Universitetinin “Azərbaycan tarixi” kafedrasının müəllimi, dosent Yusif Fərzəliyev də gənclik illərinin keçdiyi şəhərdə yenidən yaşamaq, işləmək istədiyini deyib:

“Mən Ağdərə rayonunda doğulmuşam, 1975-ci ildə Xankəndidə Nizami Gəncəvi adına orta məktəbdə işləməyə başladım. Bir ildən sonra Xankəndi Pedaqoji Universitetində müəllim işlədim, 1984-cü ildə müdafiə elədim. Sonra da 1988-ci ildə may ayında orada ev almalı idim, fevralda hadisələr başladı və azərbaycanlıları qovdular.

Mən13 il orada kirayə yaşamışam. Sonra Şuşaya getdik, birinci katib Vaqif Cəfərov bizə dedi ki, vilayətin Azərbaycan əhalisi azalır, qeydiyyata düşün. Mən də bir evə qeydiyyata düşdüm və Şuşadan məcburi köçkün kimi qeydə alındım. Ötən il məni çağırdılar ki, Şuşaya getmək istəyirsən? Dedim ki, əlbəttə, getmək istəyirəm. Bu il isə Xankəndiyə getmək istədiyimi soruşdular. Xankəndinə qaça-qaça gedərəm, 13 il orada işləmişəm.

Elm və təhsil naziri Emin Əmrullayev dedi ki, Şuşa və Xankəndidə universitetlər açılacaq, Xankəndi Pedaqoji Universiteti bərpa olunacaq. Məmnuniyyətlə, orada işləyə bilərəm. Çünki fəaliyyətim orada başlayıb. Ora mənim üçün çox doğmadır, Xankəndi şəhərini həddindən artıq çox sevirəm, sabah göndərsələr, sabah gedərəm.

SSRİ dövründə Azərbaycanda təmizliyinə, səliqəsinə görə Xankəndi birinci yeri tuturdu. Orada işləyənlərin çoxu azərbaycanlı idi. Məsələn, parkda yeganə müdir erməni idi, qalan digər işçilər hamısı azərbaycanlı idi. Həmin səliqə-səhmanı azərbaycanlılar yaradırdılar”.

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva ailəsinin 35 il əvvəl Xankəndidən köçürüldüyünü xatırladıb:

“Bu 35 ildə elə bir gün olmadı ki, biz geri dönüşümüzə inanmayaq. İnandığımız üçün də valideynlərim Şuşada, Ağdamda məskunlaşdılar. Heç kim Xankəndinin ermənilərə təhvil verilə biləcəyini qəbul etmirdi. Ermənilərin zərrə qədər orada yaşamaq haqqının olmadığını bilirdik. Bilirdik ki, bura bizimdir və buna da inanırdıq, bu, içdən gələn bir hissdir.

Daxilimizdə, qanımızda bu inam olduğu üçün Xankəndililər yaxın ərazilərə köçdülər, Xocalı faciəsində nə qədər Xankəndi şəhər sakinləri qətlə yetirildi. Qarabağ müharibəsində ilk şəhid verən də Xankəndi idi. 2016-cı ildə ilk qalibiyyətimiz olanda inanırdıq ki, qayıdacağıq.

Xankəndi şəhərindən olan məcburi köçkünlər 41 rayonda məskunlaşıblar. Onlarla görüşlərdə hamısının sualı bu olurdu ki, biz nə vaxt qayıdacağıq? Hər şeyin bir zamanı var imiş... 44 günə tarixi bir Zəfər, böyük qələbə qazandıq. Həmin vaxtda nə qədər zənglər gəlirdi. 2020-ci ildə mən artıq özümü Xankəndidə hiss edirdim”.

Müsahibimiz Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə hələki müraciət etmədiyini bildirib. O, bunu Xankəndidən olan vətəndaşların komitənin rəsmi siyahısında yer alması ilə əlaqələndirib:

“Mən müraciət eləməmişəm, amma bilirəm ki, müraciət çox olub. 35 ildə ilk dəfəydi ki, Xankəndi əhalisi ilə dövlət komitəsi tərəfindən böyük görüş keçirilirdi. İlk növbədə Xankəndililər qayıdacaq, 1988-ci ildə çıxan şəhər sakinləri hamısı qayıdacaq. Ola bilər ki, qonşu rayonlarda məskunlaşıb, amma onlar da Xankəndi sakini sayılır. Gün ərzində 20-30 nəfərlə danışıram, hamı nə zaman gedəcəklərini soruşur. Bu gün desələr ki, sabah qayıdışdır, bir saat müddətinə nə qədər Xankəndi şəhərindən köçkün var hamı toplaşmağa hazırdır.

Xatirə Vəliyeva ümumilikdə 17-20 min sakinin siyahıda adının olduğunu deyib

“Siyahıya alınan 17-20 min sakin var. Bir məsələ var ki, Xankəndidə doğulan qızlar başqa ərazidən olan vətəndaşla ailə qurub. Yəni Xankəndi şəhərində doğulan və ora ilə bağlılığı olanlar köçürüləcək. İstəyərdim ki, Xankəndililər yerləşəndən sonra ilk növbədə getmək istəyərlərsə, şəhid ailələri, qazilər və veteranlar yerləşsinlər. Orada yaşamaq onların haqqıdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO