Niyə efirə çıxan məşhurlar ancaq intim mövzulardan DANIŞIRLAR? – QALMAQALLI AÇIQLAMA

Niyə efirə çıxan məşhurlar ancaq intim mövzulardan DANIŞIRLAR? – QALMAQALLI AÇIQLAMA

Hazırda oxunan: Niyə efirə çıxan məşhurlar ancaq intim mövzulardan DANIŞIRLAR? – QALMAQALLI AÇIQLAMA

165785

Bir zamanlar deyirdilər ki, mətbuat təkcə təbliğatçı, təşviqatçı yox, həm də təşkilatçıdır. Yəni mətbuatın cəmiyyətin yönünü dəyişdirməyə, onu istiqamətləndirməyə imkanları var. Amma bu gün biz bunu görmürük. Mətbuat çox zaman cəmiyyətin arxasınca sürünür, hadisələrin gerisində qalır.

Beləcə, mətbuat cəmiyyəti üst səviyyələrə daşımır, əksinə cəmiyyət mətbuatı aşağıya dartır.

İntellektual səviyyəsi və peşəkarlığı olmayan mətbuat ciddilikdən çıxaraq sarı rəngə boyanır. Təsadüfi deyil ki, bu gün televiziyaların, internet resurslarının çoxunda bayağı, şit mövzular daha çox auditoriya qazanır. İş o yerə çatıb ki, verilişlərdə erotik və seks söhbətləri gedir. Verilişə çıxanların əksəriyyəti məişət və intim mövzulardan daha çox və daha həvəslə danışırlar.

Məsələyə münasibət bildirən Xalq artisti Əbdül Mahmudov Bizim.Media-ya açıqlamasında bildirib ki, efirlərdə biabırçılığın həcmi günbəgün genişlənir:

“Verilişlərdə intim mövzulara daha çox yer verilir. Yerindən duran seksopotoloq, psixoloq kimi danışır. Bu da ondan irəli gəlir ki, efirlər nəzarətsizdir. Pulu olan istənilən şəxs istədiyi televiziyada veriliş açıb, aparıcılıq edə bilir. Hazırda veriliş aparanların çoxunun televiziyaya, jurnalistikaya aidiyyatı yoxdur.

Belələri də nə danışmalıdır ki?

Bildikləri şey də seksdir, erotikadır. Savadsız, səviyyəsiz aparıcılar da özlərinə öz səviyyələrində müsahib tapırlar. Səviyyəsi olmayan insansa ancaq düşük, gərəksiz şeylərdən danışmalıdır. Bu məsələdə pis cəhət odur ki, belə söhbətlərə tamaşaçılar daha çox baxır. Bunun hesabına da həmin verilişlər reytinq qazanır, yaxşı reklam toplayırlar.

Təəssüf…” Tanınmış teleaparıcı, BDU-nun professor Qulu Məhərrəmli də sözügedən durumu biabırçılıq adlandırıb:

“Televiziya verilişlərinin səviyyəsinin aşağı düşməsi, xüsusən də əyləncəli şou proqramlarında bayağı epizodların artması, aparıcıların tamaşaçı qarşısında məsuliyyət hiss eləmədən məişət səviyyəsində performanslar göstərməsi sadəcə biabırçılıqdır.

Bunun bir sıra səbəbləri var.

Əsas səbəbi yayım siyasətinin düzgün qurulmamasıdır. Bəzi televiziyalar böyük auditoriya toplamaq, reytinq qazanmaq və nəticədə daha çox reklam cəlb eləmək üçün hər yola gedirlər. Çox təəssüf ki, efirdəki biabırçılığa auditoriyanın adekvat reaksiyası yox dərəcəsindədir. Auditoriyanın müəyyən seqmenti var ki, onlar bu tip verilişlərə baxırlar. Bunun hesabına da həmin verilişlərin reytinqi artır”.

Bunların qarşısını necə almaq olar?

“Burda 2 xətti dəqiq bilməliyik. Birinci xətt büdcədən maliyyələşən televiziyalardır, ikinci xətt isə kommersiya kanallarıdır. Ona görə də bizim tələbimiz daha çox büdcədən maliyyələşən televiziyalardan olmalıdır ki, onlar özlərinin proqram siyasətini ardıcıl və mükəmməl həyata keçirsinlər. Çünki, büdcədən pul almaq o deməkdir ki, verilən pulda hər birimizin əməyi var. Ona görə də büdcədən maliyyələşən televiziyalar marifləndirmək, əyləndirmək və xəbər vermək prinsiplərinə doğru-düzgün əməl etməlidirlər.

Kommersiya televiziyalarına gəldikdə isə heç kim onlara ixtiyar verməyib ki, verilişlərin hamısı əyləncəli olsun, şou proqramları daha çox olsun.

Bu məsələdə bəlli bir hədd var.

Yəni ən azından verilişlərin 40 faizi marifləndirici və məlumatlandırıcı olmalıdır. Təəssüf ki, özəl kanalların bir çoxu yayım siyasətlərini ancaq şou proqramların üzərində qurub. Keyfiyyətli şouya etiraz yoxdur. Yaxşı aparıcısı olan, ciddi problemlər qoyan verilişlər də var.

Amma verilişlərin çoxunun səviyyəsi də aşağıdır, aparıcısı da savadsızdır. Ona görə həm cəmiyyət, həm də televiziya rəhbərləri belə hallara qarşı mübariz olmalıdırlar. Nüfuz, reytinq qazanmağın müasir yolları da var. Sadəcə onlardan istifadə eləmək lazımdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO