Razi Nurullayev ilə spiker arasında MARAQLI DİALOQ

Razi Nurullayev ilə spiker arasında MARAQLI DİALOQ

Hazırda oxunan: Razi Nurullayev ilə spiker arasında MARAQLI DİALOQ

164361

“Fərqli fikir demək, tənqid etmək, bəzən çılpaq həqiqəti söyləmək çox çətindir. Çünki, dövlətçiliyi nəzərə almalısan, rəhbərliyi pis vəziyyətdə qoymamalısan və həm də qərəzli görünməməlisən. Çalışıram ki, bu incə məqamları nəzərdən qaçırmayım”.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdəki büdcə müzakirələrində deyib.

Onun sözlərinə görə, həm parlament rəhbərliyinə, həm də Baş nazir Əli Əsədova dərin hörməti var:

“Hökumət üzvlərinə zəhmətləri üçün təşəkkür də edirəm. Doğurdan da hər birinizə hörmətim var. Deyəcəklərim onun üçündür ki, sizlərdən kömək gözləyirəm. Dövlətimi sevirəm və istəyirəm ki, zəfər çalan ordu, xalq ləyaqətli yaşasın. Xalqı, ordunu qələbəyə aparan Prezidentin başı daima uca olsun.

Hörmətli Sahibə xanım! Bir sıra dövlət qurumlarında müavinlik institutu işləmir. Müavinlərin konkret vəzifələri var və qanunla və daxili nizamnamə ilə tənzimlənir. Niyə işlək deyil? Əgər müavin də gedib hər xırda məsələni qurumun birinci şəxsi ilə razılaşdırırsa, o zaman tərəzi pozulur.

Siyasi və yüklü məsələləri etməsi vacibdir və bunu qəbul edirik. Elə qurumlar var ki, orada müavinlik institutu formal xarakter daşıyır. Rəhbər səlahiyyətləri və sahələri köməkçiləri və özünə yaxın adamlar arasında qeyri-rəsmi olaraq bölür. Bu yolverilməzdir və adlar çəksəm, aləm dəyər burada bir-birinə, amma ayrılıqda bölüşə bilərəm.
Amma, deyim ki, az qala 60% dövlət qurumları bu mexanizmlə işləyir. Biz, şükür Allaha güclü dövlət qurmuşuq. Dövlətin mexanizmi olmalıdır və saat kimi işləsin gərək. Dövlət qurumu MMC deyil, adında dövlət var. İkincisi, vəzifəli şəxslər qurumun adındakı “dövlət” sözünü nəzarət və monitorinq kimi başa düşürlər.

İnanın ki, hörmətli Sahibə xanım, bəzi dövlət idarələrinə imkan verilsə, hamısı istintaq idarəsi yaradar. Imkan verilsə, bir qurum içində, onlarla nəzarət və monitorinq mexanizmi yaradarlar ki, ancaq vətəndaşı, sahibkarı tutub gətirib məhşər ayağına çəksinlər. Vallah, imkan verilsə, nəzarətə də nəzarət yaradarlar.

Bu qədər çək-çevir, nəzarət, monitorinq, sorğu-sual, süründürməçilik, qanuna xor baxma, öz mənafeyini dövlətin və xalqın mənafeyindən üstün tutma və özbaşınalıq kimi hallar xalqı narazı salır.

Axı, belə olmaz! Düşünmürlər ki, dövlət orqanı yalnız nəzarət, nəzarətə nəzarət yox, həm də kömək etməlidir, dəstək olmalıdır, əlindən tutmalı, lazımsa başına sığal çəkməlidir. Axı heç kimi məcburi vəzifəyə qoymurlar, hamı özü can atır, tanış tapır, xahiş etdirir ki, vəzifəyə getsin. Getdin, o zaman xalqa xidmət elə. Yaxşı özünə də xidmət et, amma vətəndaşları incitmə!”.

Seçicilərinin problemlərini qaldırandan sonra R.Nurullayev növbəti dəfə tənqidlərini çatdırıb:
 

“Dövlət Reklam Agentliyinin yarıtmaz və özbaşına bir qurum olduğunu bildirmək istəyirəm. Onlar iş adamlarına bezdirir, ziyana salır və kömək etmir. Düşünür ki, ancaq qadağa və süründürməçilikdir işi. Səhifəsində yazıb ki, innovasiya axtarır, müraciət edənlərə qucaq açır. Xeyr, qucaq açmır, onları nəyi var incidir və süründürür.

Reklam haqqında olan boşluqdan öz çıxarları üçün istifadə edirlər. Dövlət reklam agentliyinin rəhbəri dövlət qurumunu MMC kimi idarə edir və orada təkbaşına idaərçilik istemi yaradıb. Startap təşəbbüsləri, innovativ rekam ideyalarını boğur, çünki şəxsi maraqları var. Əməlli-başlı monopoliya yaradıb. Baxın reklam bazarına. Biabırçılıqdır. Bütün cəhətlərdən bərbad işləyir. Belə bir şəxsin dövlət qurumunun başında dayanması narazılığın artmasına səbəb olacaq. Mən partiya sədri, millət vəkili kimi Reklam Agentliyinin rəhbəri barədə ölçü götürülməsini istəyirəm”.
 

Sədr Sahibə Qafarova R.Nurullayevə iradını bildirib. Qeyd edib ki, indiyədək deputatın çıxışına görə parlament rəhbərliyi hər hansı irad bildirməyib:
 

“İkincisi də siz istəsəniz də, parlament rəhbərliyini pis vəziyyətdə qoya bilməzsiniz!”.
 

Spiker deputatın Zəfər büdcəsi haqqında danışmamasını da ona irad tutub.
 

Sədr təəssüflə bildirib ki, bir neçə çıxışda dövlət büdcəsi, Xankəndi büdcəsi barədə nəsə deyilmədi:
 

“Niyə bir söz tapıb, Xankəndinin büdcəsi barədə nəsə deyilmədi? Sonra da deyirsiniz ki, xanım sədr müdaxilə edir. Müdaxilə etməyim bəs nə edim? Biri deyir insanlardan qaçırıq. Biz nə zaman camaatdan qaçırıq?! Bu VI çağırışda deputatlar xalqla bir yerdə olan vaxtı bundan əvvəl nə vaxt olub? Niyə məni bunu deməyə məcbur edirsiniz? Razi müəllim sizə isə tövsiyə edirəm ki, çıxışlarınızın stilistikasına baxasınız - qoçuluq və s. Siz nazirlikləri, dövlət qurumlarını nədə ittiham edirsiniz – qoçuluqda? Danışanda fikirləşin!”,

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO