Bu tarixi məkan dağlar qoynunda yerləşir, təbiəti, flora və faunası turizm üçün olduqca əlverişlidir. Lakin sakinlər yolsuzluqdan əziyyət çəkir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycanın üç ən ucqar yaşayış məntəqəsindən biri də Qaxın Sarıbaş kəndidir.
Bu qədim kənddə ötən əsrin 70-ci illərinə kimi hər cür infrasturuktur olsa da sonradan əksi baş verib. Hazırda kənddə 10-15 ailə daimi yaşayır. Lakin bu tarixi məkana yaz-yay aylarında ölkə və xaricdən çox sayda turist gəlir. Bu mənada yerli sakinlərin ən çox əziyyət çəkdiyi bir məqam varsa, o da kəndə gedən yolun bərbad vəziyyətdə olmasıdır.
Sarıbaş kəndi Böyük Qafqaz sıra dağlarının cənub yamaclarından birində yerləşir. İlisu kəndindən bura qədər olan enişli-yoxuşlu, çay keçidli yolları olduqca bərbaddır. Qarşıdan axan Kürmük çayında yaz və payız aylarında sel və daşqınlar əmələ gəlir ki, bu zaman nəqliyyatın hərəkəti qeyri-mümkün olur. Sakinlər bu zaman ancaq atlardan istifadə edirlər. Bu isə onların həyatı üçün çox ciddi təhlükə yaradır.
Kənddə görüşdüyümüz hər bir insan ilk növbədə yolların qaydaya düşməsini arzulayır. Onlar əmindir ki, bura yol çəkilsə həyat canlanacaq, kəndi tərk edənlər tezliklə geri qayıdacaqlar.
Sarıbaş sakini Fəxri Babayevlə söhbətdən bəlli olur ki, bura ancaq “UAZ” markalı avtomobillərlə gəlib-getmək mümkündür. Maşınlar isə 50-60 azn yol haqqı istəyir. Digər həmsöhbətimiz Rəsmiyyə xanım da buranın turizm potensialını Xınalıqla müqayisə edir. Deyir ki, kəndin yolu olsa, turizm məkanı kimi istifadə oluna bilər. Yaz-yay aylarında yüzlərlə yerli və xarici turist kəndə gələrək gecələmək istəyirlər, lakin şərait olmadığından geri dönürlər.
Sakinlərin yol problemi ilə bağlı qayğılarını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin diqqətinə çatdırdıq. Bildirildi ki, İlisu -Sarıbaş yolunun yenidən qurulmasına ehtiyac var. Çətin dağlıq relyef şəraitindən keçən bu hissə sürüşmələr nəticəsində 4-6 metrə qədər daralıb. Yolun Kürmük və Dəyirman çaydan keçən hissələri də ildə bir neçə dəfə yuyulmaya məruz qalır, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranır. 2023-cü ildə yolun layihələndirilməsi istiqamətinə vəsait ayrılıb.
Layihə institunun mütəxəssisləri yoldakı vəziyyətlə tanış olub, tədqiqat işləri aparıblar, hazırda yolun layihə-smeta işləri tamamlanmaq üzrədir. İşlər tamamlandıqdan sonra dövlətin müvafiq qurumları tərəfindən qərar qəbul olunacaq.
Yeri gəlmişkən, bu tarixi kənddə evlərin çoxu hazırda bərbad vəziyyətdə olsa da, yeniləri, müasir üslubda inşa edilənləri də az deyil. Ümid edək ki, qarşıdakı illərdə Sarıbaşda həyat yenidən öz axarına, canlı dövrünə qayıtmış olacaq, bu kəndin yol infrasturukturu bərpa olunacaq.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 09.11.2023
Turizmi Xınalıqla müqayisə olunan Sarıbaşa niyə yol çəkilmir? - FOTO
Hazırda oxunan: Turizmi Xınalıqla müqayisə olunan Sarıbaşa niyə yol çəkilmir? - FOTO
Hazırda oxunan: Turizmi Xınalıqla müqayisə olunan Sarıbaşa niyə yol çəkilmir? - FOTO
163587
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.