Ötən gün 705 nömrəli Ağstafa-Bakı sürətli qatarı texniki nasazlıq səbəbindən "Goran" stansiyasında dayanmalı olub. Bir müddət sonra texniki problem aradan qaldırılıb və qatar yoluna davam edib. Bununla belə qatar mənzil başına qrafikdə nəzərdə tutulduğundan xeyli gec çatıb.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mövqeyini öyrəndik.
Qurumdan Bizim.Media-ya bildirilib ki, həqiqətən ötən gün Ağstafadan Bakıya hərəkət edən sürətli qatar Goran stansiyasında bir qədər ləngiyib:
MÖVZU İLƏ BAĞLI:
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ
“Bu da elektrik xəttindəki gərginliyin azalması səbəbi ilə olub. Qısa zamanda problem həll olunub və qatar yenidən yoluna davam edib. Lakin qatar mənzil başına-Bakıya qrafikə uyğun deyil, yarım saat ləngimə ilə çatıb. Bunu nəzərə alan QSC-nin rəhbərliyi tərəfindən sərnişinlərin rahat mənzil başına çatması üçün əlavə tədbirlər görülüb.
Belə ki, Bakı-Xırdalan-Sumqayıt, Bakı-Pirşağı-Sumqayıt istiqamətində xəttə əlavə qatarlar buraxılıb.
Bundan əlavə, Bakı sərnişin stansiyasından 20 yanvar, Koroğlu və bəzi vacib istiqamətlərə pulsuz avtobuslar təşkil edilib. Nəticədə, bütün sərnişinlər rahatlıqla mənzil başına çatdırılıb”.
Surxay Atakişiyev, Bizim.Media