Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Arif Baloğlan oğlu Məmmədov Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bizim.Media yeni səfirin dosyesini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Arif Məmmədov Yunanıstana səfir təyin OLUNDU
Arif Baloğlan oğlu Məmmədov 1982-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər üzrə bakalavr, 2005-ci ildə isə sözügedən ali təhsil ocağını həmin ixtisas üzrə magistratura səviyyəsində fərqlənmə diplomları ilə bitirib.
O, 2010-cu ildə Çexiyanın Praqa Metropolitan Universitetinin Beynəlxalq münasibətlər və Avropa araşdırmaları ixtisası üzrə magistratura səviyyəsində təhsil alaraq fərqlənmə diplomuna layiq görülüb.
2017-ci ildə Kanadada Ottava Universitetinin Tefler İdarəçilik Məktəbində Biznes İdarəçiliyi üzrə magistr dərəcəsi alıb.
Arif Məmmədov 2004-2007-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində attaşe, 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Çexiyadakı səfirliyində üçüncü və ikinci katib, 2012-2016-ci illərdə isə Azərbaycan Respublikasının Kanadadakı səfirliyində birinci katib olub.
Arif Məmmədov 2017-2018-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. 2018-ci ilin mart ayından 2020-ci ilin aprelinə kimi Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində müşavir olub.
O, 2020-ci ilin aprelindən 2021-ci ilin may ayına kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında böyük məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb.
2021-ci ilin may ayında Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində çalışmağa başlayıb.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 oktyabr tarixli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var.
Bizim.Media