Ötən həftə Bakı şəhərinin yeni Baş Planının artıq hazır olması və yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağı ilə bağlı məlumatlar yayıldı. Hətta Baş Planla bağlı ilkin təfərrüatlar da açıqlandı.
Plana əsasən, paytaxtda 50 km-ə qədər tramvay xəttinin çəkiləcəyi də iddia olunur.
Bəs, uzun illərdən sonra paytaxtda tramvay xətlərinin yenidən bərpası mümkündürmü?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan memar Cahid Həsənov bilidirib ki, Baş Planda tramvay xətti layihəsinin yer alması əslində çox müsbət məqamdır:
MÖVZU İLƏ BAĞLI:
Naxçıvanda tramvay xətti OLACAQ
“Bu xəttin olması Bakı şəhərinin qədimliliyini sübut edən bir memarlıq vasitəsidir. 50 kilometr olmasına ehtiyac yoxdur və lap 5 kilometr olsun, buna ciddi ehtiyac var. Bir məsələ var ki, tıxacların kulminasiya nöqtəsinə çatdığı bir vaxtda, Bakının 100-150 il əvvəl salınmış və əhalinin sıx yaşadığı ərazilərində, eləcə də hündür binaların zəbt etdiyi küçələrində tramvay xətlərinin qurulması texniki cəhətdən ciddi problem yaradacaq.
Yalnız geniş prospektlərdə 20-40 km uzunluğunda xətlər qurula bilər. Məsələn, Azneft dairəsi-Bulvar istiqamətindən Dəniz Limanına, oradan Babək prospektindən, Ağ şəhərin qarışısından, Neftçilər prospektindən keçməklə, böyük bir ərazini tramvay xətti ilə əhatə etmək olar”.
Memar düşünür ki, indiki vəziyyətə uyğun olaraq, müəyyən işlər görmək olar:
“Eyni zamanda, tarixi-klassik memarlıq üslublu binalarım olduğu qədim yaşayış məntəqələrində bu xəttin olması bir vəhdətlilik yaradacaq. Həm də bütün dünyaya şəhərin daha qədim və zəngin tarixə malik olduğunu göstərəcək, eyni zamanda xarici turistlərin gözündə Bakının gözəlliyini artıracaq və paytaxtın qədim şəhər statusu geri qayıdacaq. Bu məsələnin texniki tərəflərilə isə aidiyyatı qurumların məşğul olması daha doğru olar”.
Rövşən Ziya, Bizim.Media