Sentyabrın 15-də Xaçmazda uçan Qudyalçay körpüsünün dağılmasından sonra sürücülərə təklif edilən yeni alternativ yolun çınqı olması və sürücülərin bu yolun asfaltlanma arzusu barədə Bizim.Media-da məlumat vermişdik.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərin arzusunu başqa cür dəyərləndirib. Qurum Xaçmaz rayon İcra Hakimiyətinin rəhbərliyi ilə birgə daha əlverişli yol hazırlayır.
Sürücülərin mənzil başına daha tez çatmasını təmin etmək üçün Qudyalçayın uçan körpüsünün yaxınlığından - həmin körpüdən 50 metr yuxarıda müvəqqəti alternativ yol çəkilir.
Bu barədə Bizim.Media-ya Xaçmazın icra başçısının müavini Bəxtiyar Osmanov məlumat verib.
Onun sözlərinə görə, artıq yeni yolun sürətlə inşası gedir. Üç günə yeni alternativ yol bir aydır çınqıl yoldan əziyyət çəkən sürücülərin istifadəsinə veriləcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu