İsrail-HƏMAS müharibəsi enerji qiymətlərinə necə təsir etdi? – İlham Şabanın ŞƏRHİ

İsrail-HƏMAS müharibəsi enerji qiymətlərinə necə təsir etdi? – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: İsrail-HƏMAS müharibəsi enerji qiymətlərinə necə təsir etdi? – İlham Şabanın ŞƏRHİ

159810

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında Artıq oktyabr ayının ortasıdır.

Azərbaycan üçün mülayim payız davam edir. Elə şimal yarımkürəsində də ilin əvvəlində yaşanan mülayim hava ab-havası var. Amma yola saldığımız həftədə dünya bazarlarında enerji daşıyıcılarının qiyməti azalma yox, artım nümayiş etdirdi. Səbəb isə dünyanın yeni bir hərbi-siyasi gərginlik ocağı ilə üzləşməsinə bağlı idi.

Qlobal bazarlar.

Həftə ərzində dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin yenidən artımını müşahidə etdik. Neft qiymətləri London əmtəə birjasında həftəlik olaraq 7,5% artaraq bir barel üçün 90,89 dollar təşkil etdi. Xatırladım ki, ötən həftə ərzində neft dəyərini 11,5%-dən çox itirmişdi.

Bəs neft qiymətlərinin yenidən 90 dollar həddini aşmasına səbəb nə idi?

İlk növbədə ötən artıq bir həftədir davam edən yeni Fələstin-İsrail müharibəsi. Hansı ki, öz masştabına görə 50 il bundan əvvəlki sonuncu hərbi qarşıdurmanı belə geridə qoydu.

Amma “qara qızıl” üçün qiymət artımına beynəlxalq ekspertlər müvəqqəti amil kimi baxırlar, onun cari ildə davamlı olacağı üçün elə bir əsas görmürlər. Bu səbəbdən bu həftə ABŞ Enerji İnformasiya Administrasiyası 2023-cü il üçün Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozunu 84,06 dollara qədər aşağı salıb. Bundan öncəki proqnoz hər barel üçün 84,46 dollar idi.

Eyni zamanda 2024-cü il üçün Brent markalı neftin orta qiyməti ilə bağlı proqnoz göstəriciləri 94,91 dollara qədər artırılıb. Buna səbəb kimi gələn il dünya iqtisadiyyatının cari illə müqayisədə daha yüksək templə artımı göstərilir ki, nəticədə enerjiyə olan tələbat da artamılıdr. Qlobal bazarlarda həftə sonu mavi yanacağın qiymətinin kəskin artımı müşahidə edildi. Avropa bazarlarında qazın 1000 kubmetrinin qiyməti 600 dolları aşa bildi. Həftə ərzində qazın Avropada qiymətləri 415 dollardan 600,2 dollara qədər yüksəldi. Buna səbəb isə qəfildən Finlandiya və Estoniyanı Baltik dənizinin dibi ilə birləşdirən qaz kəmərində sızmanın müşahidə edilməsi, təzyiqin düşməsi və boru kəmərinin fəaliyyətinin dayandırılması oldu.

Rusiyadan qəribə neft təklifi.

Bu həftə Moskvada “Rusiya enerji həftəsi” keçirilirdi. Bu enerji forumunda Azərbaycan nümayəndə heyətini ölkənin energetika naziri Pərviz Şahbazov təmsil edirdi. Tədbirdə həmçinin ikitərəfli görüşlər də keçirilmiş və Rusiya baş nazirinin müavini Aleksandr Novak oktyabrın 12-də Rusiyadan Azərbaycana neft tədarükü təklifi ilə çıxış edib. Rusiya hökumətinin rəsmi açıqlamasında Novakın bu məqsədlə Şahbazovla Tixoretsk-Bakı neft kəmərinin genişləndirilməsi imkanlarının müzakirə edildiyi göstərilirdi.

“Azərbaycanın energetika naziri ilə görüşdə iki ölkə arasında neft-qaz, elektrik enerjisi və nüvə sektorlarında əməkdaşlığın genişləndirilməsi məsələləri qaldırılıb. Danışıqların gündəliyinə Rusiya neftinin Azərbaycana əks tədarükü üçün Tixoretsk-Bakı neft kəmərinin genişləndirilməsi imkanları, həmçinin Rusiya və Azərbaycan şirkətləri arasında texnoloji əməkdaşlığın qurulması perspektivləri daxildir”, - deyə RF hökumətinin məlumatında bildirilirdi.

Amma bir qədər sonra jurnalistlərlə söhbətində Aleksandr Novak bildirib ki, Tixoretsk-Bakı neft kəməri ilə Rusiya neftinin tədarük həcmi ildə 4 milyon ton ola bilər. Yəni məsələ heç də Rusiya ilə Azərbaycanı birləşdirən neft kəmərinin buraxıcılıq gücünün artırılmasından getmir. Moskvanın istəyi Azərbaycana xam neft satışını artırmaqdır. Niyəsini isə elə Rusiya baş nazirinin müavini izah edib. Onun fikrincə, Azərbaycan Rusiyadan xammal idxalını artırmaq hesabına özünün neft həcmlərini dünya bazarlarına daha çox çıxartmaq imkanı əldə edə bilər.

Bununla belə Aleksandr Novak qeyd edib ki, layihə Rusiya tərəfindən təklif edilib, Azərbaycan hələlik qərar qəbul etməyib və bu təklifin detallarını öyrənir.

Qeyd edək ki, bu il Azərbaycanda 6,5 milyon tona yaxın neftin emalı gözlənilir. Bakı neft emalı zavodunun modernləşdirilməsi prosesi tam başa çatdıqdan sonra (yenilənmiş qrafikə əsasən - 2027-ci il) ölkə 7,5 milyon ton xammal emal etmək imkanında olacaq.

SOCAR-ın yataqlarında neft hasilatının həcmi azaldığından Bakı neft emalı zavodunun yüklənməsi artıq yerli xammal hesabına təmin edilmir. Bununla əlaqədar, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan 1 milyon 221,8 min ton xam neft idxal edildiyini açıqlayıb. Həmin müddətdə Rusiyadan neft idxalı 610,45 min ton, Türkmənistandan 551,7 min ton, Qazaxıstandan isə 59,69 min ton təşkil edib.

Ötən il isə Azərbaycanda rəsmi statistikaya görə, 673,4 min ton neft idxalı qeydə alınmışdı (2021-ci ilin göstəricisindən 7,5 dəfə artım).

“Energybase.ru” saytının məlumatına görə, Tixoretsk-Bakı neft kəməri ötən əsrin 70-ci illərinin ortalarında illik gücü 22 milyon ton olan Bakı neft emalı zavodlarını (o zaman Bakıda 2 neft emalı zavodu vardı) xammalla təmin etmək üçün layihələndirilib.

Kəmərin tikintisinə 1978-ci ildə başlanılıb və 1987-ci ildə istifadəyə verilib. Kəmər istismara verilən ildə Azərbaycanda neft hasilatı artıq 14 milyon tondan aşağı səviyyəyə düşmüşdü.

Diametri 700 mm olan neft kəmərinin uzunluğu 852 km-dir ki, bunun da 231 km-i Azərbaycan ərazisindən keçir. Kəmərdə 6 neft nasos stansiyası quraşdırılıb ki, onlardan yalnız 1-i Azərbaycan ərazisində yerləşir.

1992-ci ilə qədər Azərbaycan Rusiya neftini Tixoretsk-Bakı kəməri ilə idxal edirdi. Sonrakı beş ildə boru kəməri fəaliyyətdə olmayıb.

1997-ci il oktyabrın 25-də Tixoretsk-Bakı kəməri əks istiqamət olmaqla işə salındı. Bu, Xəzər neftinin (“əsrin müqaviləsi” əsasında) Novorossiyskdəki Qara dəniz terminalından dünya bazarlarına nəqlinə dair 1996-cı il 18 yanvar tarixli Azərbaycan-Rusiya hökumətlərarası sazişi əsasında mümkün olmuşdu.O zaman Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə (Tixoretskdə birləşdirilir) ixracının maksimal həcmi müqaviləyə əsasən ildə 5 milyon ton təşkil edirdi.

2006-cı ilin ortalarına qədər “Azəri-Çıraq-Günəşli” dəniz bloklarından beynəlxalq konsorsiumun nefti bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılırdı. Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildikdən sonra beynəlxalq konsorsium Rusiya marşrutundan imtina etdi. Həmin kəmərlə SOCAR təqribən ildə 1-1,5 milyon ton olmaqla öz yataqlarından çıxardığı nefti ixrac etməyə başladı. Ötən ildən isə Rusiya-Ukrayna müharibəsi səbəbindən bu boru kəməri fəaliyyətini dayandırıb. Azərbaycana idxal edilən neft isə Mahaçqala limanından tankerlərlə Bakıya daşınır.

BTC ilə artan tranzit nefti.

2023-cü ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəq edilən neftin həcmi 22 milyon 665,1 min ton təşkil edib ki, bu da 2022-ci ilin 9 ayının göstəricisindən 4,5% çoxdur.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 9 ayı ərzində Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunmuş neftin ümumi həcminin 76,1 faizi BTC kəməri ilə vurulub.

Sözügedən müddətdə BTC vasitəsilə Qazaxıstan və Türkmənistandan nəql edilən tranzit neftin payı ümumi nəql həcminin 16,9%-ni və ya 3 milyon 820,3 min ton (artım 6,7%) təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə BTC kəməri ilə vurulan neftin həcmi 29 milyon 749,6 min ton (artım 12,6%), o cümlədən tranzit nefti 5 milyon 103,9 min ton (artım 41,8%) təşkil etmişdi.

Neft-qaz gəlirlərimiz.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2023-cü ilin yanvar-sentyabr aylarında 13% artaraq 55 milyard 524 milyon dollar təşkil edib. Bu haqda Neft Fondunun açıqladığı rüblük hesabatda bildirilir.

“2023-cü ilin yanvar-sentyabr aylarında aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin xərcləri, o cümlədən fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirləri üstələməsi ilə əlaqədar olub”, - ARDNF-in məlumatında deyilir.

9 ayda fondun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 2 milyard 651,1 milyon manat təşkil edib.

2023-cü ilin yanvar-sentyabr aylarında fondun xərcləri 3 milyard 587 milyon manat təşkil edib. Xərclərin strukturunda dövlət büdcəsinə transfertlər 3 milyard 550 milyon manat təşkil edib.

Neft Fondu xaricdəki aktivlərinin əsas hissəsini ABŞ dollarında yerləşdirməyə üstünlük verir, ABŞ valyutasında aktivlərin payı 70,3% təşkil edir. Bu da ondan qaynaqlanır ki, Neft Fondu Avropa valyutasında olan aktivlərini azaltmağa başlayıb, çünki onun kursunu stabilliyini qoruya bilməyib və dəyərini itirməkdədir.

Məlumata görə, Neft Fondunun investisiya portfelinin 61%-i istiqrazlar və pul bazarı alətlərində (2022-ci ilin sonuna - 62,1%), 22,2%-i səhmlərdə (2022-ci ilin sonuna - 19,6%), 5,8%-i real daşınmaz əmlakda yerləşdirilib (2022-ci ilin sonunda - 6,2%). Qızılın payı Neft Fondunun portfelində 11% (2022-ci ilin sonunda - 12,1%) təşkil edir ki, bu da 101,8 tona ekvivalentdir. Cari ildə Neft Fondu dünya bazarlarında qızıl əldə etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO