Ukraynanın Xalq artisti İrina Bilık Azərbaycana ölkəsinin çətin günlərində yanında olduğu və dəstəklədiyi üçün təşəkkür edib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında yayımladığı videomüraciətdə bildirib.
İrina Azərbaycana dəstəyini bu fikirlərlə ifadə edib:
“Azərbaycana və Azərbaycan xalqına dəstəyimi bildirirəm. Rusiyayönlü revanşistlərə və separatçılara qarşı mübarizə aparan Azərbaycan öz ərazisində antiterror tədbirləri həyata keçirir.
Necə ki, Ukrayna indi öz ərazisində əks-hücum aparır. Azərbaycan vətəndaşları müntəzəm olaraq ukraynalılara generator, ərzaq və digər humanitar yardımlarla kömək edir. Buna görə onlara çox minnətdarıq!
Rəsmi Bakı Ukraynaya enerji avadanlıqlarının alınması üçün yardım edir, pulsuz yanacaq, dərman verir, Buça və İrpen şəhərlərinin bərpasında fəal iştirakçısıdır, həmçinin ukraynalı uşaqların reabilitasiyasında iştirak edir.
Xatırlatmaq istərdim ki, Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 9-da separatçıların Qarabağ ərazisində keçirilən qondarma “Seçkilər”ini rəsmən pisləyib, Azərbaycanın suvenerliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Bir daha onlara dəstəyimi bildirirəm! Yaşasın, Ukrayna! Yaşasın, Azərbaycan!".
Xatırladaq ki, İrina Bilık azərbaycanlı rejissor və fotoqraf Aslan Əhmədovla ailəli olub. Cütlüyün bu nikahdan Təbriz adlı oğlu dünyaya gəlib. İrina və Aslanın 2021-ci ilin aprelində ayrıldığı açıqlanıb.
Qeyd edək ki, sentyabrın 20-də Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olublar. Bu gün isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilib.
Rəşad Əliyev, Bizim.Media