Gəncə sakinlərinin HƏYATI TƏHLÜKƏDƏ – “Nəhəng ağaclar quruyub, kəsən yoxdur” – FOTO/VİDEO

Gəncə sakinlərinin HƏYATI TƏHLÜKƏDƏ – “Nəhəng ağaclar quruyub, kəsən yoxdur” – FOTO/VİDEO

Hazırda oxunan: Gəncə sakinlərinin HƏYATI TƏHLÜKƏDƏ – “Nəhəng ağaclar quruyub, kəsən yoxdur” – FOTO/VİDEO

155346

Ağaclar, yaşıllıqlar təbiətin ayrılmaz, ən vacib hissələrindən biridir. Təsadüfi deyil ki, almanlar meşələrə çox mənalı və müasir səslənən bir ad verib: “Yaşıl ciyər”. 

Yaşıllıq insanın, bütün canlıların, bəşəriyyətin yaşaması üçün çox lazımdır. Lakin bəzən təbiətin vacib elementlərindən olan bu ağaclar təhlükə mənbəyinə çevrilir. 

Gəncənin Mahrasa Bağı adlanan qəsəbəsində 13-cü binanın qarşısındakı qovaq ağacları kimi. Yaşlı nəsil çox yaxşı xatırlayır ki, bu ağaclar ötən əsrin 70-80-ci illərində kütləvi şəkildə Gəncənin küçələrini, qəsəbələrini bəzəyib. İlk baxışda çox əzəmətli görünsələr də bu ağaclar yaz aylarında ifraz etdikləri tüklər və liflərlə həm insanların sağlamlıqları üçün, həm də küçələrin təmizliyi baxımından çox zərərli bir ağac hesab olunur. 

İsti yay aylarında, quraqlıqda ən tez yarpağını tökən də qovaq ağacıdı. Ən pisi isə odur ki, bu ağacların yaşama müddəti digər ağaclara baxanda çox azdır və 30-35 ildən sonra bu qovaq ağacları əsl təhlükə mənbəyinə çevrilir. 



Artıq 50 ilə yaxındır bu binada yaşayan Səlminaz Rəhimova Bizim.Media-nın yerli bürosuna açıqlamasında bu qovaq ağaclarının yaşının həddən çox olduğunu və bu günədək bir dəfə də aidiyyatı qurumlar tərəfindən baxılmadığını deyir: 

“Biz 1974-cü ildə bu binaya köçmüşük. O zamanlar bu ağaclar artıq əraziyə əkilmişdi. Əlbəttə yaşıllıq, ağaclar çox vacib şərtdir. Mən özüm də yaşıllıqları çox sevirəm. Amma bu qovaq ağacları artıq qorxuludur. Hər dəfə bərk külək əsəndə binanın sakinləri bu ağacların qırılıb düşəcəyindən ehtiyat edir. 

Bir neçə il bundan qabaq binanın qarşısında iri bir qovaq ağacı qonşumuzun avtomobilinin üzərinə düşdü. Maşın tam yararsız halda metal qəbulu sahəsinə aparıldı. Təsəvvür edirsinizmi, o avtomobilin içində sahibi olsa idi, nə baş verərdi. May ayında, Gəncədə güclü küləklə leysan olanda oğlum binanın qabağından maşınını 5 dəqiqə gec kənara versəydi ağacın iri bir budağı onun üzərinə düşəcəkdi. 



50 ilə yaxındır bu ağaclar əkilib bir dəfə də olsun aidiyyatı qurumlardan bu qocalmış ağaclarla maraqlanan yoxdur. Dəfələrlə Mənzil Kommunal İstehsalat Birliyinin yerli nümayəndəsinə, Gəncə şəhər icra hakimiyyətinə xəbərdarlıq etmişik etmişik, bir ölçü götürən yoxdur. Biz sakinlər aidiyyəti qurumlardan xahiş edirik ki, bizim binanın qarşısında olan bu qocalmış və artıq təhlükə mənbəyinə çevrilən qovaq ağaclarını ciddi fəsadlar törətməmiş kəsib götürsünlər”.

Binanın digər sakini Mübariz Heydərov da bina istismara verildiyi gündən burada yaşayır. 

Onun sözlərinə görə ağaclar əkilən gündən onlara binanın sakinləri qulluq edib. İndi də sakinlər tez-tez ağacları suvarırlar. Amma buna baxmayaraq ağaclar artıq yaşama müddətini bitirib: 

“Ağacların kökləri də çürüyüb artıq. Budaqlar bərk külək əsəndə hissə-hissə qırılıb düşür. Binanın qarşısından elektrik naqilləri keçir, küçə işıqlandırılması xətləri də ağacların altındadır. Bircə dəfə bərk külək əsəndə burada olsanız, mənzərədən dəhşətə gələrsiniz. Az qalır, ağaclar kökündən çıxa. Təsəvvür edirsiniz, o ağacın biri qırılsa, bütün elektrik kabellərini qıracaq, o da öz növbəsində dartaraq elektrik sayğaclarını sıradan çıxaracaq. Dəfələrlə “JEK”-ə, icra hakimiyyətinə müraciət etmişik səsimizi eşidən yoxdur. Bizə deyirlər ki, sakinlər yığışıb bir ərizə yazsınlar. 

Niyə mən ərizə yazmalıyam ki? Mənim savadım yoxdur, yaza bilmirəm. Buna cavabdeh bir qurum yoxdurmu? Bu ağaclar vətəndaşların ağacları deyil axı. Axı bu ağaclar mənim şəxsi məhləmdə deyil ki, mən və ya kimsə sakinlərdən ərizə yazsın. Ola bilməz ki, bu məsələyə cavabdeh olaan bir qurum, bir təşkilat olmasın”.

Digər sakinlərin də sözlərinə görə, ağaclar əkiləndən bəri bir dəfə də maraqlanan olmayıb. Qovaq ağacları kövrək və təhlükəli olduğunu alimlər də təsdiqləyirlər. 

Aqrar Elmlər Doktoru, Professor Zaur Həsənov Bizim.Media-ya açıqlamasında bu ağacların estetik gözəllik baxımından yaraşıqlı olduğunu bildirsə də, onların gövdə və kök sisteminin çox kövrək olduğunu vurğulayıb: 

“Qovaq ağacları digər çox illik meşə bitkiləri ilə müqayisədə az ömürlü və kövrəkdir. Qovaq Populuss-promidalius sinfinə aid olub piramida ehramı tipli uzanan bir ağacdır. Onun yaşama müddəti elmi nəzəriyyələrə görə maksimal 30-35 il təşkil edir. Bu dövrdən sonra qovağın budaqları və kök sistemi sürətli qurumaya məruz qala bilir. 
Yəni yaşı ötmüş qovaq ağacları istənilən bərk külək zamanı gözlənilmədən qırıla, aşa və ziyanlıq törədə bilər. Buna görə də yaşayış ərazilərində olan, yaşı 30-35 ildən çox olan qovaq ağacları mütləq kəsilərək götürülməlidir. Əks halda həmin ağaclar həm sakinlər, həm ərazidən keçən kommunikasiya və tikililər, o cümlədən də nəqliyyat vasitələri üçün çox təhlükəlidir”. 

Zaur Həsənov da yaşı çoxdan ötmüş bu ağaclara aidiyyatı qurumların nəzarət etməli olduğunu vurğulayır. Alimin fikrincə bu ağaclar təhlükə mənbəyi olduğundan çox qısa zamanda onlarla bağlı məsələyə baxılmalıdır. 



Məsələ ilə bağlı Bizim.Media-nın yerli bürosu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovla əlaqə saxlayıb.

O da öz növbəsində bildirib ki, ağacların hansı dövlət qurumunun və ya bələdiyyənin ərazisində olmağından asılı olaraq həmin təşkilatların bu məsələyə cavabdehliyi onların funksional öhdəlikləri, vəzifə borclarıdır:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı qurumları ağacların və ya yaşıllıqların vəziyyəti ilə bağlı yalnız rəy verir. Yəni aidiyyatı qurumlar, daha doğrusu ağacların yerləşdiyi əraziyə cavabdeh təşkilatlar mülkiyyətçilərdir. Bu ya şəhər icra hakimiyyətinin müvafiq qurumu və ya da bələdiyyələr olur. Onlar ağacların vəziyyətləri ilə mütəmadi maraqlanmalıdırlar. 

Belə ki, qeyd olunan qurumların cavabdeh şəxsləri ildə iki dəfədən az olmayaraq ərazilərində olan ağacların və uzun ömürlü bitkilərin  inventarizasiyasını aparmalıdırlar. Bu onların funksional öhdəlikləridir. Sakinlər ağacların təhlükəli olmaları ilə bağlı aidiyyatı qurumlara müraciəti yalnız vətəndaşlıq borcu kimi qəbul edilməlidir. 
Vətəndaşların dövlət və ya bələdiyyə torpaqlarında əkilmiş ağacların kəsilməsi ilə bağlı yazılı müraciəti hər hansı vacib şərt sayılmır. Buna görə də aidiyyatı qurumlar bu məsələdə vəzifə öhdəliklərini yerinə yetirərək sözü gedən ərazidə olan qovaq ağaclarının vəziyyəti ilə təcili olaraq maraqlanmalı, onların vəziyyətinin qiymətləndirilməsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidirlər. 

Nazirlik tərəfindən ağacların götürülməsinə rəy verildikdən sonra cavabdeh qurum tərəfindən ağacların götürülməsi həyata keçirilir”, - deyə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri vurğulayıb. 

Sonda isə bir nəticəyə gəlirik ki, kimin funksional öhdəliyi və ya vəzifə borcu olmasından asılı olmayaraq vətəndaşların  sağlamlıqları və təhlükəsizlikləri əsas prioritet olmalıdır. Ümid edirik ki, aidiyyəti qurumlar Mahrasa bağı sakinlərinin probleminə vaxtında reaksiya verəcəklər.
 











Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO