“Arif müəllim özünü yaxşı hiss edir. O, həm yaşına həm səhhətinə görə həmdə özü qərara gəldi ki Azərbaycan Milli Konservatoriyası Muğam (xanəndə) kafedrasının müdiri vəzifəsindən getsin. Öz xeyir-duası ilə o vəzifəyə Arif müəllim məni məsləhət gördü. Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimiyə təşəkkürümü bildirirəm ki, mənə etimad göstərdi”.
Bu sözləri Xalq artristi Mənsum İbrahimov Bizim.Media-ya açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Mənsum İbrahimova vəzifə verildi
Sənətkar yeni təyinatı ilə bağlı bu sözləri dilə gətirib:
“Biz ömrümüzü muğama həsr etmişik. İşimiz müğam sənətini tələbələrə öyrətməkdir. Konservatoriyada çox yüksək tədris səviyyəsi var. Muğamı öyrənmək üçün isə hər şərait var. Təbii ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun muğamımıza çox böyük qayğısı, dəstəyi var.
Bunu hamı bilir ki, dünyada muğamımızın tanınmasında və təbliğində Mehriban xanımın əvəzsiz rolu var. Konservatoriyada isə çox gözəl gənclərimiz var. Azərbaycanın ən məşhur xanəndələri və ustadları Azərbaycan Milli Konservatoriyasında çalışırlar. Biz də hər zaman olduğu kimi onlarla əl-ələ verib, gözəl işlər reallaşdıracayıq”.
M.İbrahimov sentyabrın 18-də Milli Musiqi günündə ilk dəfə Şuşada “Leyli və Məcnun” operasını nümayiş etdirəcəklərini açıqlayıb:
“Bilirsiniz ki, Azərbaycanda sentyabrın 18-i Milli Musiqi günü kimi qeyd edilir. O tarixdə Üzeyir Hacıbəyovun şərəfinə festivalın açılışı olacaq. Həmin festival Şuşada keçiriləcək. Tarixdə ilk dəfə Şuşada, Üzeyir Hacıbəyovun doğulduğu yerdə “Leyli və Məcnun” operasını nümayiş edəcəyik. Bu tarixdə ilkdir. Yəni bundan əvvəl “Leyli və Məcnun” Şuşada nümayiş olunmayıb. Ən böyük layihə də elə budur”.
Rəşad Əliyev, Bizim.Media