Gəncə sakininin “Azərişıq” ASC-dən şikayətçi olduğunu yazmışdıq. Tağı Arani (Azərbaycan bayrağı) küçəsində yaşayan Aybəniz Əkbər qızı Aslanova yaşadığı evə işıq çəkilməməsindən şikayətlənmişdi.
Onun sözlərinə görə, 3 il əvvəl sözügedən ünvanda fərdi ev tikib və 1 il əvvəl köçüb. 1 ildən çoxdur isə yaşadığı evə işıq çəkilmir. Üz tutmadığı, rəsmi müraciət etmədiyi qurum qalmayıb. Probleminə nəinki baxılmayıb, üstəlik həlli mümkünsüz olduğu bildirilib.
Vətəndaşın Bizim.Media-ya müraciətindən sonra problem həllini tapıb. Belə ki, şikayətçinin evinə baxış keçirilib və elektrik enerjisinin təminatına söz verilib.
MÖVZU İLƏ BAĞLI:
Gəncə sakinindən ŞİKAYƏT: “Bütün qonşularda işıq var, bizim evdən başqa...” – FOTO
Bu barədə saytımıza məlumat verən Aybəniz Aslanovanın sözlərinə görə aidiyyəti qurumdan ona bildirilib ki, 24 iş günü müddətində evə sayğac quraşdırılacaq və işıqla təmin olunacaqlar:
“Sayğacın ödənişini etdik və gözləyirik. İşıqsız çox çətindir. Bu problemin həlli mənə əlçatmaz görünürdü. Çünki məsələ uzanırdı və müəyyən əngəllər yaradılırdı. Ümid edirəm, gözləməyimiz də çox uzun çəkməz”.
Alçina Amilqızı, Bizim.Media