Azərbaycanda qida zəhərlənmələri kəskin ARTIB – SƏBƏB NƏDİR?

Azərbaycanda qida zəhərlənmələri kəskin ARTIB – SƏBƏB NƏDİR?

Hazırda oxunan: Azərbaycanda qida zəhərlənmələri kəskin ARTIB – SƏBƏB NƏDİR?

151856

Son vaxtlar həm paytaxtdan, həm də bölgələrdən qıda zəhərlənmələri ilə bağlı ağır xəbərlər alırıq. Hətta zəhərlənmələrdən ölüm hallarının olduğu da bildirilir.  

Bəs zəhərlənmələr hansı səbəbdən və hansı qidalarda baş verir? 

TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, 2023-cü ilin ilk 7 ayı ərzində 382 nəfər dərman zəhərlənməsi diaqnozu ilə Toksikologiya şöbəsinə qəbul olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Yayda qida zəhərlənməsi - Əlamətləri, ilk yardım


Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi Aynur Məmmədova isə Bizim.Media-ya açıqlamasında bildirdi ki, yay aylarında bütün məhsullar qısa zamanda xarab olur: 

“Zəhərlənmələr də ən çox bu səbəblərdən baş verir. Bu baxımdan gigiyenik normativlərə tam əməl olunmalıdır. Yaxşı olar ki, yay aylarında dönər və digər ayaqüstü qidalardan mümkün qədər az istifadə edilsin.

Çünki adi halda insanlar dönərin və ya bu tipli qidaların hazırlandığı məhsulların keyfiyyətini öyrənə bilməz. Bu səbəbdən də mümkün qədər ehtiyatlı olmaq lazımdır”. 

Onun sözlərinə görə, qarpızdan zəhərlənmələrlə müraciətlər az olsa da, belə hallara rast gəlinir.

Zəhərlənən insanlara tibbi yardımların fərqli tətbiq olunmasını tövsiyə edən həkim qeyd etdi ki, belə hallarda böyüklərə və uşaqlara ayrıca yanaşma tələb olunur: 

“Uşaqlarda zəhərlənmə baş verdiyi zaman çəkisinə uyğun olaraq, hər 10 kiloqrama 1 ədəd aktivləşdirilmiş kömür verilməlidir: 

“Ev şəraitində uşağın mədəsinin yuyulmasını tövsiyə etmirəm. Zəhərlənən uşağa bol miqdarda maye verilməlidir. Əgər əlamətlər keçərsə, növbəti gün sahə pediatrına müraciət edilə bilər. Əks halda uşaq dərhal xəstəxanaya çatdırılmalı və ona ilkin tibbi yardım göstərilməlidir. Böyüklərdə qida zəhərlənməsi baş verdiyi zaman ev şəraitində mədəni yumaq və imalə etmək olar. Lakin bütün hallarda ən doğru addım zamanda həkimə müraciət etməkdir.”.

Qida eksperti: “Tez xarab olmağa meyilli qidaları otaq temperaturunda bir neçə saatdan çox saxlamaq olmaz”.

Sağlam qida təbliğatçısı Asim Vəliyev Bizim.Media-ya açıqlamasında, qida zəhərlənmələrinin daha çox yaz və yay aylarında müşahidə olunduğunu bildirdi. 

Onun sözlərinə görə, yay aylarında temperatur yüksək olduğundan insanlar istirahət məkanlarına üz tutur, təbiət qoynunda pikniklərə daha çox gedir: 

“Belə məkanları seçmədən əvvəl oranın təmizlik və təmiz su təchizatını öyrənmək lazımdır. Qida artıqlarını saxlamaq üçün təmiz torbalar və ya qablar istifadə etməliyik. 

Təzə meyvə və tərəvəzləri daim axan su ilə yumalıyıq. Çünki, zəhərlənmə riski çox olur və 2 səbəbdən baş verir. Birincisi, hava isti olduğundan salmonella və e-koli kimi qida zəhərlənməsinə səbəb olan bakteriyaların artması sürətlənir.
Açıq havada istirahətə daha çox üstünlük verdiyimizdən yemək hazırlanarkən, yemək yeyərkən soyuducu olmadığından, qab-qacaqları, ərzaqları yumaq üçün şərait tam olmadığından qidalar fiziki, mikrobiloji və kimyəvi çirklənməyə məruz qala bilir.”. 

Ekspertin dediyinə görə, qida zəhərlənmələrinə səbəb olan ən geniş yayılmış bakteriyalar e-koli, salmonella və stafilakokdur: 

“E-koli ən çox ət, pomidor və kahıda mövcud olur. İshal kimi əlamətlər 12 ilə 20 saat sonra ortaya çıxır. Salmonella ən çox bişmiş yumurta, toyuq, qırmızı ət, süd məhsulları, kremli biskivitlər və dondurmada olur.

Əlamətləri qarın ağrısı, qızdırma və ishaldır. Stafilokok isə əsasən öskürmə, asqırma və toxunma yolu ilə qidalara yoluxur. Kremli tortlar, dondurma, mayonez kimi qidaların üzərində olan bakteriyalar xəstəliyə səbəb olan bir zəhər əmələ gətirir”.

Asim Vəliyev, qida zəhərlənməsindən qorunmağın əsas şərtlərini də diqqətə çatdırdı: 

“İlk şərt, ümumi qida təhlükəsizliyi qaydalarına riayət etmək, soyuducuda mühafizə edilməli qidalara diqqət etmək, paketlənmiş qidalardakı son istehlak tarixinə diqqət etmək vacibdir. Yeməkdən əvvəl və sonra əl yumaq, tualetdən sonra əlləri bol şəkildə su və sabunla yumaq, açıq şəkildə saxlanılan suyu içməmək və açıq şəkildə satılan qidaları almamaq lazımdır.

İkincisi, yumurta, ət, toyuq, balıq kimi dəniz məhsulları, süd və süd məhsulları kimi tez xarab olan qidaları bişirdiyiniz zaman diqqətli olun. Tez xarab olmağa meyilli qırmızı ət, toyuq və balıq kimi qidaları bişdikdən sonra otaq temperaturunda bir neçə saatdan çox saxlamaq olmaz. 
Ət yeməyi bişən kimi ya yeyilməli, ya da soyuducuda saxlanmalıdır. Üstünü qabaqla örtün ki, milçək qonmasın. Yaxud, növbəti günə qədər mətbəxdə saxlamayın, çünki xarab olmasına və qida zəhərlənməsinə səbəb ola bilər. Yeməklər otaq temperaturunda çox qaldıqda, mikroorqanizmlər çoxlamağa başlayır ki, bu da qida zəhərlənməsinə səbəb ola bilir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO